
Beynəlxalq sərgilər Qarabağ və Şərqi Zəngəzur üçün yeni imkanlar yaradır - Anar Cəfərov
Sərgi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələri xüsusi diqqət mərkəzində saxlanılır və bu ərazilərdə kənd təsərrüfatının inkişafı, məskunlaşma və iqtisadi fəallığın artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Fins.az xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərə qayıdan soydaşların məşğulluğunun təmin edilməsi, onların yeni şəraitə uyğunlaşması və kənd təsərrüfatı fəaliyyətinə inteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə təlim proqramları təşkil olunur, texniki dəstək göstərilir və investisiya müsabiqələri vasitəsilə müxtəlif layihələrin icrasına şərait yaradılır.
A.Cəfərov bildirib ki, xüsusilə kiçik ailə təsərrüfatlarının və kooperativlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu yanaşma bölgələrin dayanıqlı inkişafına xidmət edir.
"Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə fermerlərə sahə üzrə dəstək göstərilir, müasir texnologiyaların tətbiqi genişləndirilir və istehsal imkanlarının artırılması istiqamətində işlər görülür."
A.Cəfərov əlavə edib ki, beynəlxalq sərgilər və forumlar yerli istehsalçıların qlobal bazarlara çıxışı üçün mühüm platforma rolunu oynayır və bu imkanlardan Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təsərrüfatlar da faydalanır.
"Gələcəkdə azad olunmuş ərazilərdə kiçik və orta aqrar təsərrüfatların daha geniş şəkildə formalaşacağı, həmçinin bu bölgələrin beynəlxalq sərgilərdə daha fəal təmsil olunacağı gözlənilir."
Qeyd edək ki, 5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgiləri kənd təsərrüfatı, qida sənayesi və xidmət sektorunu bir araya gətirən regionun ən böyük ixtisaslaşmış tədbirlərindən biridir. Tədbirlər çərçivəsində innovativ texnologiyalar, yeni məhsullar və beynəlxalq təcrübələr nümayiş olunacaq, həmçinin geniş işgüzar görüşlər və forumlar təşkil ediləcək.


