
Baxillər, əlcəklər və tibbi maskaların Azərbaycana idxalı iyun ayınadək gömrük rüsumundan azad olunub
Baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların Azərbaycana idxalı cari ilin iyun ayının 1-dək gömrük rüsumundan azad olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
“Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir. Bu baxımdan, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların Azərbaycana idxalı cari ilin iyun ayının 1-dək gömrük rüsumundan azad olunub”, - deyə məlumatda bildirilir.
Nazirlər Kabineti tərəfindən müvafiq qərar martın 5-də qəbul edilib və imzalandığı gündən qüvvəyə minir.