
Bakıda iqtisadi transformasiya və innovasiyalara həsr olunmuş konfrans keçirilir
Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” Forumu keçirilir.
Fins.az xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə baş tutan forumda dövlət qurumlarının, beynəlxalq şirkətlərin, biznes dairələrinin və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbirin açılışında AmCham Azərbaycan-ın Prezidenti Dəyanət Sədullayev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və PMI şirkətinin MDB üzrə Xarici Əlaqələr Direktoru Alexey Kim çıxış edərək dayanıqlı inkişaf, innovasiya və iqtisadi transformasiya sahəsində mövcud çağırışlar və imkanlar barədə fikirlərini bölüşüblər.
Forum çərçivəsində keçirilən panel sessiyalarda qeyri-neft-qaz sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, enerji transformasiyası, rəqəmsal həllərin tətbiqi və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.
Müzakirələrdə Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, C4IR-ın İcraçı Direktoru Fariz Cəfərov çıxış edirlər.
Növbəti sessiyada şirkətinin İcraçı İdarəetmə Direktoru Dr. Uygar Durgunay, bp şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova və PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru Tomoko Iida çıxış edəcəklər.
Tədbirdə həmçinin korporativ transformasiya, innovasiyaların tətbiqi, zərərin azaldılması yanaşmaları və dayanıqlı iqtisadi inkişafın təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının rolu ətrafında fikir mübadiləsi aparılır.
Forumun dayanıqlı inkişaf, enerji keçidi və innovativ texnologiyaların tətbiqi istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyi gözlənilir.