Azexport.az portalı qlobal e-ticarətə dair sahibkarlar üçün dəyirmi masa keçirib

Azexport.az portalı qlobal e-ticarətə dair sahibkarlar üçün dəyirmi masa keçirib

BİZNES
166

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının təşkilatçılığı ilə yerli sahibkarların beynəlxalq elektron ticarət platformalarına çıxış imkanlarının genişləndirilməsinə həsr olunmuş “E-ticarət: Qlobal bazarlara çıxış” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, ölkədə elektron ticarətə maraq davamlı olaraq artır və region üzrə statistik göstəricilər bu sahənin sürətli inkişaf etdiyini göstərir. Yerli məhsulların qlobal e-ticarət platformaları vasitəsilə beynəlxalq bazarlara çıxarılması müasir dövrdə sahibkarlar üçün mühüm imkanlar yaradır və ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır.

 “Navishopper” şirkətinin baş icraçı direktoru Günel Ağazadə çıxış edərək “Amazon”, “eBay”, “Etsy” və “Alibaba.com” kimi qlobal platformalarda satışın təşkili, mağaza idarəçiliyi və effektiv satış strategiyaları ilə bağlı təcrübəsini iştirakçılarla bölüşüb.

 Hibrid formatda təşkil olunan tədbirdə Braziliya və Avropadan onlayn qoşulan texniki mütəxəssislərin dəstəyi ilə qlobal e-ticarət bazarında məhsul analizləri aparılıb, praktiki nümunələr təqdim edilib. Qeyd olunub ki, Azərbaycan məhsullarının “Amazon” və digər beynəlxalq elektron ticarət platformalarında uğurlu satış təcrübələri mövcuddur və ölkədə bu nəticələrin müxtəlif məhsul kateqoriyaları üzrə genişləndirilməsi üçün potensial var.

“MeetUp Networking Club”un tərəfdaşlığı ilə keçirilən tədbirdə logistika, rəqəmsal marketinq və elektron ticarət sahələrində fəaliyyət göstərən yerli mütəxəssislər də çıxış edərək öz təcrübələrini bölüşüblər. 40-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə suallar cavablandırılıb, beynəlxalq onlayn ticarətdə uğurlu fəaliyyət göstərmək üçün praktiki tövsiyələr verilib.

İnteraktiv formatda davam edən tədbirin yekununda real biznes nümunələri əsasında fikir mübadiləsi aparılıb, iştirakçıların beynəlxalq onlayn satış prosesində qarşılaşdıqları çətinliklər və onların həlli yolları ətrafında geniş müzakirələr keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azexport.az portalı qlobal e-ticarətə dair sahibkarlar üçün dəyirmi masa keçirib — Fins.az — Fins.az