
"Azərlotereya” lotereya biletlərinin satışından gəlirini 46,3% artırıb -MƏBLƏĞ
2019-cu ildə “Azərlotereya” ASC-nin gəlirləri 59 milyon 899,3 min manat, o cümlədən lotereya biletlərinin satışından gəlirləri 59 milyon 345,2 min manat təşkil edib.
2018-ci ildə “Azərlotereya” ASC lotereya biletlərinin satışından 40 milyon 552,9 min manat gəlir əldə edib. Beləliklə, 2019-cu ildə gəlir 46,3% artıb.
Ötən il “Azərlotereya”nın ümumi gəlirləri 46,3% artıb.
Hesabat ilində cəmiyyətin sair gəlirləri 554,1 min manat təşkil edib.
2019-cu ildə 49 milyon 929,1 manat məbləğində bilet nağd, 8 milyon 943,9 min manat məbləğində bilet xüsusi terminallar, 472,2 min manat məbləğində bilet isə internet vasitəsilə satılıb.
“Ötən il bilet satışından əldə edilmiş gəlirin 34 milyon 814,5 min manatı (58,66%) lotereya oyunları üzrə uduş fondunun formalaşdırılmasına yönəldilib”, - deyə məlumatda bildirilir.
2019-cu ildə cəmiyyətin aktivləri 38% - 16 milyon 613,1 min manatadək, öhdəlikləri 66,3% - 8 milyon 544,8 min manatadək artıb.
Hesabat ilində “Azərlotereya”nın kapitalı 17% - 8 milyon 68,3 min manatadək, nizamnamə kapitalı 10 dəfə – 200 min manatadək artıb.
2019-cu ildə cəmiyyətin xalis mənfəəti 5 milyon 608,4 min manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 73,5% - İF) təşkil edib. Bu dövrdə “Azərlotereya” tərəfindən vergi və büdcədənkənar fondlara ödənişlər 4 milyon 465,9 min manat, mənfəət vergisi üzrə ödənişlər 1,34 milyon manat məbləğində olub.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır