
Azərbaycanın Çexiyaya neft ixracı 245,7 milyon dollar təşkil edib
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 245,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 433,1 min ton xam neft və neft məhsulları ixrac olunub.
Fins.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 59 milyon ABŞ dolları və ya 19,4%, fiziki həcm baxımından isə 125,6 min ton və ya 22,5% azalıb.
Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,8 min ton neft və neft məhsulları ixrac edilmişdi.
Hesabat dövründə Çexiya Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9% artıb.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları və ya 35,2% artdığı halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.