
Azərbaycanın xarici iqtisadi əlaqələri genişlənir
Azərbaycan cari ilin 8 ayının yekunlarına görə, xarici ticarət sahəsində müsbət dinamikanı qoruyub saxlayıb. Ölkəmizin bu müddətdə təkcə Xəzər regionu dövlətləri ilə ticarət dövriyyəsi 45 faizdən çox artıb.
Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə Azərbaycan ərazisindən yükdaşımalarda da artım müşahidə olunub. Belə ki, cari ilin 8 ayı ərzində Şərq–Qərb dəhlizi ilə respublikamız vasitəsilə tranzit yükdaşımalar 20 faiz, Şimal–Cənub marşrutu üzrə isə 33 faiz artıb.
Bu müsbət göstəriciləri son 19 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması şərtləndirib.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayan məsələlərdən biri də respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlıdır.
Son illər ərzində, ümumiyyətlə, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyükhəcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib.