
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
2026-cı il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcu 4,642 milyard ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı “2026-cı ilin yanvar–may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında məlumat verilib.
Bildirilib ki, xarici dövlət borcu ötən ilin 1 iyun tarixi ilə müqayisədə 8% azalıb.
Eyni zamanda qeyd olunub ki, 2026-cı il iyunun 1-nə ölkənin strateji valyuta ehtiyatları 88,439 milyard ABŞ dollarına çatıb və bu göstərici illik müqayisədə 15,2% artım nümayiş etdirib.
Hesabatda vurğulanıb ki, cari ilin yanvar–may aylarında Azərbaycanda 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,2% artıb.
Məlumata əsasən, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata yüksəlib.