
Azərbaycanın şimalında geoloji və seysmik tədqiqatlar genişləndirilir - Gran Tierra Energy
Fins.az - “Gran Tierra Energy” şirkətinin prezidenti və baş icraçı direktoru Qari S. Qidri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycanın şimal bölgəsində aparılan geoloji işlər barədə açıqlama verib.
O bildirib ki, hazırda regionda geoloji hazırlıq mərhələsi həyata keçirilir və yaxın perspektivdə ikiölçülü (2D) seysmik və qravimetrik tədqiqatların aparılması planlaşdırılır. Bu işlər bölgənin yeraltı strukturunun daha dəqiq qiymətləndirilməsinə xidmət edəcək.
Qari S. Qidri qeyd edib ki, geoloji məlumatlardakı boşluqlara baxmayaraq, mövcud məlumatların maksimum dərəcədə effektiv istifadəsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ilkin mərhələdə qazılan quyular əsasən məlumat toplamaq və rezervuar xüsusiyyətlərini dəqiqləşdirmək məqsədi daşıyır.
Bu yanaşmanın sonrakı qazma mərhələlərində risklərin və xərclərin azaldılmasına imkan verdiyi vurğulanıb.
Şirkət rəhbəri əlavə edib ki, Gran Tierra Energy-nin Ekvadordakı təcrübəsi göstərib ki, geoloji tədqiqatların genişləndirilməsi və işlənmə müqavilələrinin effektiv idarə olunması müsbət nəticələrə gətirib çıxara bilər.