
Azərbaycanın iqtisadi modeli ehtiyatlara əsaslanır - Mikayıl Cabbarov
Fins.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində Azərbaycanın son onilliklərdə formalaşan iqtisadi modelindən danışıb.
Nazir bildirib ki, ölkənin iqtisadi uğur modelinin əsas xüsusiyyəti əlavə gəlirlərin daha çox ehtiyatlara yönəldilməsidir. Onun sözlərinə görə, bu ehtiyatlara Neft Fondu və Mərkəzi Bankın valyuta rezervləri daxildir və onlar makroiqtisadi və makrofiskal sabitliyin qorunmasına xidmət edir.
Mikayıl Cabbarov qeyd edib ki, bu mexanizm ölkəni iqtisadi şoklardan qorumağa imkan yaradır və dayanıqlı maliyyə siyasətinin əsas alətlərindən biri hesab olunur.
Nazir işğaldan azad edilmiş əraziləri bu modelin praktiki nümunəsi kimi dəyərləndirib. O bildirib ki, həmin ərazilərin bərpası dövlət büdcəsi üçün böyük həcmli xərc istiqaməti olsa da, iqtisadi baxımdan buna investisiya kimi yanaşılır.
Onun sözlərinə görə, bu investisiyalar uzunmüddətli perspektivdə vətəndaşların qayıdışı, iqtisadi fəallığın bərpası və regionların yenidən qurulması hesabına real iqtisadi dəyər yaradacaq.