Azərbaycanda paylanmış günəş energetikası üzrə yeni potensial açıqlanıb

Azərbaycanda paylanmış günəş energetikası üzrə yeni potensial açıqlanıb

BİZNES
250

Azərbaycanda paylanmış günəş energetikası və damüstü günəş enerjisi (rooftop solar) sahəsində mövcud potensialın təhlili aparılıb və binaların damlarında quraşdırıla biləcək günəş qurğularının texniki potensialı təxminən 9,4 QVt səviyyəsində qiymətləndirilib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, iri miqyaslı günəş və külək layihələri ilə yanaşı, paylanmış generasiya sistemlərinin, xüsusilə damüstü günəş enerjisinin inkişafı ölkənin enerji keçidi prosesində mühüm rol oynayır. Bu prosesə ev təsərrüfatlarının, biznes subyektlərinin və bələdiyyələrin cəlb olunması strateji əhəmiyyət daşıyır.

C.Abdullayev qeyd edib ki, dünya təcrübəsində damüstü günəş enerjisi enerji təhlükəsizliyinin gücləndirilməsi, elektrik şəbəkələrinə düşən yükün azaldılması, eləcə də investisiya və məşğulluğun stimullaşdırılması üçün əsas alətlərdən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, Azərbaycanda bu sahənin potensialından hələ tam istifadə olunmur.

Təqdim olunan tədqiqat çərçivəsində peyk məlumatları və geoməkan texnologiyalarından istifadə olunaraq ölkənin strateji əhəmiyyətli doqquz şəhərində damüstü günəş qurğularının imkanları qiymətləndirilib.

Nəticələrə əsasən, Azərbaycanda damüstü günəş enerjisinin texniki potensialı təxminən 9,4 QVt təşkil edir. Eyni zamanda, illik potensial elektrik enerjisi istehsalı 11,8 TVt·saatdan çox “təmiz enerji” həcmində qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda paylanmış günəş energetikası üzrə yeni potensial açıqlanıb — Fins.az — Fins.az