
Azərbaycanda informasiya və rabitə sektoruna investisiyalar 2,1 dəfə artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektoruna əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 106,1 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Həmin sahəyə qoyulmuş investisiyaların ümumi sərmayə içində xüsusi çəkisi 4,4%-ə bərabər olub.
Yanvar-fevral aylarında ölkədə bütün iqtisadi və sosial sahələr üzrə əsas kapitala 2 milyard 436,4 milyon manat sərmayə yönəldilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4% çoxdur. Neft-qaz sektoruna sərmayələr 51,4%, qeyri-neft-qaz sahəsinə yönələn investisiyalar isə 5,1% artıb.
Ümumi sərmayənin 1 milyard 434 milyon manatı (58,9%) məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6%) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5%) isə yaşayış evlərinin tikintisinə yönəldilib. Sərmayənin 28,9%-i dövlət, 71,1%-i qeyri-dövlət sektorunun payına düşüb. Qoyuluşların 53,3%-i tikinti-quraşdırma işlərinə sərf olunub, daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın payı isə ümumi sərmayənin 73,1%-ini təşkil edib.