Azərbaycanda dizel istehsalı artıb, benzin və kerosin azalıb

Azərbaycanda dizel istehsalı artıb, benzin və kerosin azalıb

BİZNES
196

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda neft və neft məhsulları üzrə istehsal göstəricilərində fərqli tendensiyalar qeydə alınıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə ölkədə 587 min ton dizel yanacağı istehsal edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35 min ton və ya 6,3% çoxdur. 1 aprel tarixinə dizel üzrə hazır məhsul ehtiyatı 172,3 min ton təşkil edib.

Eyni zamanda, kerosin istehsalında azalma müşahidə olunub. Belə ki, ilk rübdə 125,8 min ton kerosin istehsal edilib ki, bu da illik müqayisədə 23 min ton və ya 15,5% azdır. Hazır məhsul ehtiyatları isə 24,8 min ton səviyyəsində olub.

Digər tərəfdən, xam neft hasilatı da azalıb. Hesabat dövründə ölkədə 6,630 milyon ton neft hasil olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 234 min ton və ya 3,4% azalma deməkdir. Bu həcmnin 6,612 milyon tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin ilk üç ayında avtomobil benzininin istehsalı 360,5 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 min ton və ya 7% azdır. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında 337 min ton benzin istehsal olunmuşdu. 1 aprel tarixinə hazır məhsul ehtiyatları 57,3 min ton olub.

Ümumilikdə, neft məhsullarının istehsalı üzrə dəyər ifadəsində həcm 1,284 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 2,9% azalma deməkdir. Bununla yanaşı, bəzi məhsullar üzrə artım qeydə alınıb. Belə ki, neft koksunun istehsalı 35,4%, dizel istehsalı 6,2% artıb.

Əksinə, kerosin istehsalı 15,5%, neft bitumu 17,3%, mazut istehsalı isə 76,4% azalıb.

Qeyd edək ki, hasilat sənayesində ümumi istehsalın dəyəri 8,7 milyard manat olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalma ilə müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dizel istehsalı artıb, benzin və kerosin azalıb — Fins.az — Fins.az