Azərbaycanda dağ regionlarının turizm potensialı genişləndirilir

Azərbaycanda dağ regionlarının turizm potensialı genişləndirilir

BİZNES
413

Yalnız iri şəhərlərin deyil, xüsusi və kompleks yanaşma tələb edən dağlıq ərazilərin də dayanıqlı inkişaf məsələlərinin müzakirəsi müasir dövrdə xüsusi aktuallıq kəsb edir.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Mübariz Qurbanlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciəti zamanı bildirib.

Deputat vurğulayıb ki, balanslı regional inkişaf siyasəti çərçivəsində dağ regionlarını diqqətdən kənarda saxlamaq mümkün deyil. Onun sözlərinə görə, dağlıq ərazilər yalnız uzaq yaşayış məntəqələri deyil, həm də strateji resurs və iqtisadi potensial məkanı hesab olunur.

Mübariz Qurbanlı qeyd edib ki, bu ərazilər yüksək turizm potensialına malik olmaqla yanaşı, ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar yaradır.

O xatırladıb ki, Azərbaycanda dağ və kənd ərazilərinin inkişafı uzun illərdir regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Deputatın sözlərinə görə, həmin proqramlarda əsas diqqət infrastrukturun inkişafına, kənd təsərrüfatının dəstəklənməsinə, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın genişləndirilməsinə yönəldilib.

Mübariz Qurbanlı əlavə edib ki, bu istiqamətlər “Azərbaycan 2030” strategiyasında da balanslaşdırılmış regional inkişafın əsas elementləri kimi təsbit olunub.

O bildirib ki, dağlıq və çətin əlçatan rayonlarda yaşayan əhali üçün əlavə sosial dəstək tədbirləri də tətbiq edilir. Bu tədbirlərə əməkhaqqı əlavələri və xüsusi sosial güzəştlər daxildir.

Deputat vurğulayıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də əsasən dağlıq zonaları əhatə edir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir nəqliyyat, enerji və rəqəmsal infrastruktur yaradılır, yeni iqtisadi imkanlar formalaşdırılır və yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində işlər aparılır.

Mübariz Qurbanlı qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 85 mindən çox insan yaşayır və fəaliyyət göstərir. O hesab edir ki, həmin ərazilər mərhələli şəkildə Azərbaycanın yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir.

Deputat dağ regionlarının turizm potensialına da xüsusi diqqət çəkib. O bildirib ki, Azərbaycan ərazisinin təxminən 60 faizi Böyük və Kiçik Qafqaz, eləcə də Talış dağları ilə əhatə olunur və bu bölgələrdə turizm sektoru sürətlə inkişaf edir.

Onun sözlərinə görə, “Şahdağ” və “Tufandağ” kimi turizm mərkəzləri artıq ölkənin əsas turizm istiqamətlərindən birinə çevrilib. Eyni zamanda Xınalıq, Lahıc və digər bölgələrdə ekoturizm və kənd turizmi genişlənir.

Mübariz Qurbanlı əlavə edib ki, azad edilmiş ərazilər də tarixən yüksək turizm potensialına malik olub. Xüsusilə Kəlbəcərin “İstisu” kurortu, Laçının təbii landşaftı və Şuşanın zəngin tarixi-mədəni irsi regionun əsas üstünlükləri sırasında yer alır.

Deputat bildirib ki, azad edilmiş ərazilərdə turizm infrastrukturunun bərpası və yeni obyektlərin tikintisi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilir. Məqsəd regionun ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilməsi və yerli icmaların dayanıqlı inkişafının təmin olunmasıdır.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 urbanizasiya, dayanıqlı şəhər inkişafı, iqlim dəyişiklikləri və regional inkişaf mövzularını əhatə edir. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dağ regionlarının turizm potensialı genişləndirilir — Fins.az — Fins.az