Azərbaycanda bu şəxslərə 5000 manat ödənilə bilər

Azərbaycanda bu şəxslərə 5000 manat ödənilə bilər

BİZNES
6,710
 
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.
Fins.az xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.
 
N.Şirinov bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
 
Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuixarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.
Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5000 manata qədər ola bilər.
 
N.Şirinov bildirib ki, göstərilən parametrlər üzrə aprelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı kütləvi müraciətlərin qəbuluna tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etməli olduqlarını xüsusi qeyd edib.
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bu şəxslərə 5000 manat ödənilə bilər — Fins.az — Fins.az