Azərbaycanda bərpa olunan enerji gücü 2033-cü ilədək 8 giqavata çatdırılacaq

Azərbaycanda bərpa olunan enerji gücü 2033-cü ilədək 8 giqavata çatdırılacaq

BİZNES
463

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji gücünü 6 giqavata, 2033-cü ilədək isə 8 giqavata çatdırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında bildirib.

O qeyd edib ki, yaranacaq elektrik enerjisi artıqlığı interkonnektorlar vasitəsilə ixrac ediləcək və hazırda günəş, külək və digər bərpa olunan enerji mənbələrinin araşdırılması davam etdirilir.

C.Abdullayev həmçinin Dünya Bankının dəstəyi ilə hazırlanmış “Geothermal Resource Assessment for Direct Use Developments in Azerbaijan” hesabatını təqdim edib. Hesabat geotermal enerji resurslarını qiymətləndirir, qanunvericiliyi təhlil edir və fəaliyyət planını müəyyən edir. O, həmçinin COP29 çərçivəsində təqdim edilmiş “Milli Hidrogen Strateji Baxış” sənədinə diqqət çəkib. Sənəd yaşıl hidrogenin inkişafı üçün üç ssenari müəyyən edir və daxili istehlak, ixrac və tələb olunan bərpa olunan enerji gücünü göstərir.

Agentlik direktoru əlavə edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, eləcə də Naxçıvanı yaşıl enerji zonaları kimi müəyyən edib. İlk iki zona üzrə əhatəli konsepsiya və fəaliyyət planı artıq icra mərhələsindədir. Məqsəd təmiz enerjidən səmərəli istifadəni artırmaq və potensial tətbiqini genişləndirməkdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bərpa olunan enerji gücü 2033-cü ilədək 8 giqavata çatdırılacaq — Fins.az — Fins.az