
Azərbaycan–Aİ münasibətləri yeni mərhələdə: Ursula Fon der Lyayenin səfərinin strateji əhəmiyyəti
Fins.az - Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər ölkənin müstəqillik əldə etməsindən sonra mərhələli şəkildə inkişaf edib. Bu əməkdaşlıq siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, rəqəmsal inkişaf və yaşıl enerji kimi müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan–Aİ münasibətləri 2022-ci ildən əsas gündəm olan "Cənub Qaz Dəhlizi" və qaz tədarükü məsələlərindən daha geniş miqyası və müxtəlif istiqamətləri əhatə edən yeni münasibətlər sisteminin formalaşmasına doğru inkişaf edir.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri tərəflər arasında strateji tərəfdaşlığın dərinləşməsində mühüm mərhələ kimi dəyərləndirilə bilər. 2022-ci ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" (MoU) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu daha da gücləndirib. 2026-cı il səfəri isə enerji əməkdaşlığını nəqliyyat, rəqəmsal əlaqələr, yaşıl iqtisadiyyat və regional sülh təşəbbüsləri ilə tamamlayan yeni əməkdaşlıq mərhələsini formalaşdırmaqdadır. Artıq münasibətlərin inkişaf dinamikası ona gətirib çıxarıb ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Prezident İlham Əliyev və Ursula Fon der Lyayenin mətbuata bəyanatlarla çıxışları zamanı da qeyd olunduğu kimi, "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır."
Aqil Əsədov bildirir ki, münasibətlərin daha bir mühüm istiqamətini nəqliyyat-logistika xidmətləri təşkil edir. Nəqliyyat sahəsində Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında mühüm qovşaq kimi rolunu daha da artırır. Bu marşrut yükdaşımaların sürətlənməsinə və regional iqtisadi inteqrasiyaya töhfə verir. Ursula Fon der Lyayenin səsləndirdiyi "Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı–Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksək səviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır" fikirləri də Azərbaycanın nəqliyyat-logistika imkanlarının Aİ üçün maraqlı və önəmli olduğunu göstərir.
Ümumiyyətlə, Ursula Fon der Lyayenin Azərbaycana növbəti səfəri iki mühüm məqamla fərqlənir. Birincisi, bu səfər 2022-ci ildə başlanmış enerji tərəfdaşlığının nəticələrinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. İkincisi isə əməkdaşlığın enerji sektorundan daha geniş iqtisadi və regional inteqrasiya istiqamətlərinə keçidini nümayiş etdirir. Artıq enerji əməkdaşlığı ilə yanaşı, Orta Dəhlizin inkişafı, rəqəmsal bağlantılar, yaşıl enerji layihələri və regional nəqliyyat infrastrukturu məsələləri də münasibətlərin aparıcı istiqamətlərinə çevrilir. Avropa Komissiyası Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı məqsədilə 200 milyon avro həcmində yeni maliyyə paketini elan edib. Bundan əlavə, sərhədyanı icmaların inkişafı, minatəmizləmə, səhiyyə və kiçik biznes layihələri üçün əlavə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulur ki, bu da yaxın gələcəkdə Azərbaycan–Aİ münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır. Bu təşəbbüs göstərir ki, Aİ Azərbaycanı artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat-logistika qovşağı kimi dəyərləndirir.
Məlum olduğu kimi, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropanın bir sıra ölkələrinə nəql olunur və İttifaqın 10 üzvü Azərbaycandan təbii qaz alır. Həmçinin vurğulanıb ki, Azərbaycan yaşıl enerji sahəsində də böyük potensiala malikdir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi gələcək illərdə tərəflər arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışı zamanı vurğuladığı kimi: "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət qədər yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır... Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik."
Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Avropanın ayrı-ayrı siyasətçiləri və təşkilatları tərəfindən dəfələrlə ikili yanaşmalara, həqiqətlərin təhrifinə rast gəlinib. Bu gün isə Avropa qalib Azərbaycan dövləti ilə münasibətləri daha da inkişaf etdirmək məqsədilə regionda sülhə dəstək vermək mövqeyini ifadə edir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səsləndirdiyi "Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edirəm. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərinizi nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq." fikirləri Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinin göstəricisi və ölkənin əldə etdiyi qələbənin real nəticəsidir.
Beləliklə, aparılan müzakirələr və mətbuata açıqlanan bəyanatlar belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətində strateji tərəfdaş statusunu daha da möhkəmləndirməkdədir. Ursula Fon der Lyayenin Bakı səfərləri göstərir ki, qarşılıqlı əməkdaşlıq artıq yalnız enerji sektoru ilə məhdudlaşmır, həm də regional sabitliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın mühüm elementinə çevrilib. Bu isə gələcək illərdə Azərbaycan–Aİ münasibətlərinin daha da dərinləşməsi üçün əlverişli siyasi və iqtisadi zəmin yaradır.