
Azərbaycana idxal olunan qeyri-qida mallarına gömrük nəzarəti gücləndiriləcək
Fins.az – Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Bu, Milli Məclisin dünənki iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə idxal edilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin gömrük orqanlarının səlahiyyətlərini və gömrük nəzarətinin formalarını tənzimləyən maddələrinə dəyişikliklər təklif olunur. Dəyişikliklər qəbul ediləcəyi halda gömrük əməkdaşları idxal olunan malların müvafiq uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti əldə edəcəklər.
Qanun layihəsinin izahatında qeyd edilir ki, "Texniki tənzimləmə haqqında" qanuna əsasən texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Sənədin əsas məqsədi texniki reqlamentlərə uyğun olmayan və təhlükəli hesab edilən qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Layihə müəlliflərinin qənaətinə görə, yeni tələblər yerli və xarici mənşəli məhsullar üçün bərabər rəqabət şəraiti yaradacaq, yerli istehsalın dəstəklənməsinə töhfə verəcək, eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısını alacaq.
Qanun layihəsində qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən iki il sonra idxal olunan mallara şamil ediləcək. Qanunun isə rəsmi dərc edildikdən 30 gün sonra qüvvəyə minməsi təklif olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.