
Azərbaycan yaşıl enerji ixracında mərhələli model tətbiq etməlidir
“Yaşıl” elektrik enerjisi inkişaf etmiş mühasibat uçotu sistemləri və şəffaf infrastruktur formalaşdırıldığı təqdirdə sertifikatlaşdırıla bilən, ticarət edilə bilən və maliyyələşdirilə bilən aktivə çevrilə bilər.
Fins.az xəbər verir ki, bu barədə Deloitte şirkətinin Strategiya, Risk və Əməliyyatlar üzrə tərəfdaşı Aslan İbrahimov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, mövcud enerji keçidi mühiti və Bakıda keçirilən COP29 sammiti fonunda əsas diqqət “yaşıl” elektrik enerjisinin yalnız istehsalına deyil, onun bazar mexanizmləri vasitəsilə dəyər qazanmasına yönəlməlidir.
Aslan İbrahimov vurğulayıb ki, Azərbaycanın potensialından səmərəli istifadə üçün elektrik enerjisinin ekoloji göstəricilərinin Paris Sazişinin 6-cı maddəsi çərçivəsində sertifikatlaşdırma, ticarət və maliyyələşdirmə alətlərinə inteqrasiyası vacibdir.
O qeyd edib ki, 6-cı maddə əksər hallarda yalnız karbon ticarəti mexanizmi kimi qəbul edilsə də, əslində ekoloji faydaların uçotu və bölgüsü üçün daha geniş və mürəkkəb sistem rolunu oynayır.
Deloitte nümayəndəsi bildirib ki, güclü hesabatlılıq sistemi və ekoloji nəticələrə dair aydın mülkiyyət hüquqları olmadan bazarın effektiv işləməsi çətindir, lakin bu infrastruktur yaradılarsa, iqlim nəticələri maliyyə aktivlərinə çevrilə bilər.
Aslan İbrahimov həmçinin vurğulayıb ki, ölkələr “yaşıl” enerji atributlarını tələsik şəkildə ixrac etməməlidir, çünki bu dəyərlər strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ilk mərhələdə yaşıl elektrik enerjisinin milli enerji təhlükəsizliyi və sənaye rəqabət qabiliyyətinə təsiri müəyyənləşdirilməli, daha sonra sertifikatlaşdırma sistemi qurulmalı və yalnız bundan sonra artıq potensial beynəlxalq bazarlarda monetizasiya edilməlidir.