
Azərbaycan Xəzər hissəsində Orta Dəhlizin əsas mərkəzidir - UND rəhbəri
Azərbaycan nəqliyyat infrastrukturuna yönəldilən genişmiqyaslı investisiyalar nəticəsində Orta Dəhlizin inkişafında əsas rol oynayır və marşrutun Xəzər hissəsində mərkəzi mövqe tutur.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) baş direktoru Alper Özəl Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz artıq alternativ marşrut olmaqdan çıxaraq Avropa ilə Asiya arasında dayanıqlı təchizat zəncirlərinin təmin edilməsində strateji zərurətə çevrilib.
A.Özəl qeyd edib ki, Azərbaycan dəhlizin inkişafı istiqamətində mühüm infrastruktur layihələr həyata keçirib. Bunlara Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu şəbəkələri, nəqliyyat bağlantıları və Ələt Azad İqtisadi Zonası kimi strateji layihələr daxildir.
Onun sözlərinə görə, “Xəzər dənizi Orta Dəhlizin ürəyidir” və Azərbaycan bu prosesin mərkəzi iştirakçısı kimi çıxış edir.
Türkiyəli assosiasiya rəhbəri bildirib ki, Avropa İttifaqı təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi çərçivəsində Orta Dəhlizə artan maraq göstərir.
O vurğulayıb ki, Türkiyə marşrutun Avropaya açılan əsas qapısı rolunu oynayır və bu dəhlizin inkişafı Azərbaycan və Türkiyənin müvafiq qurumları, logistika şirkətləri və aidiyyəti strukturları arasında daha sıx əməkdaşlıq tələb edir.
A.Özəl həmçinin qeyd edib ki, mövcud “dar boğazların” aradan qaldırılması, logistika proseslərinin səmərəliliyinin artırılması, yük gözləmə müddətinin azaldılması və daşımaların rəqəmsallaşdırılması Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.