
Azərbaycan Suriya ilə qaz ixracını genişləndirib
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 81,558 milyon ABŞ dolları dəyərində 244,207 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricilər Azərbaycanın enerji ixracında Suriya istiqamətinin formalaşdığını göstərir.
Qeyd edək ki, 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci il avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Nəticədə 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünün əldə edilməsi nəzərdə tutulur.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% azalsa da, həcm baxımından 357,9 milyon kubmetr və ya 6,1% artıb.