Azərbaycan PPP modeli ilə ekoloji layihələrin icrasını genişləndirir -

Azərbaycan PPP modeli ilə ekoloji layihələrin icrasını genişləndirir - 

BİZNES
428

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində ekoloji və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri davam etdirilir.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Xarici Maliyyə Təşkilatları və İnvestisiya Fondları ilə İş Departamentinin Beynəlxalq İnvestisiya Fondları və Donorlarla Əməkdaşlıq şöbəsinin sektor müdiri Günel Quliyeva WUF13 çərçivəsində keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşanıla bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı modelinin inkişafı istiqamətində ilk mühüm addımlardan biri dəniz suyunun təmizlənməsi layihəsi olub.

“Bu layihə növbəti təşəbbüslərin gündəmə gətirilməsinə imkan yaratdı”, – deyə G.Quliyeva bildirib.

Şöbə müdiri qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 2025-ci il və sonrakı dövrlər üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyasət istiqamətləri hazırlanır.

“Bu çərçivədə digər qurumlarla əməkdaşlıq əsasında yeni layihələrin həyata keçirilməsi üçün hazırlıq işləri aparılır”, – deyə o əlavə edib.

Günel Quliyeva vurğulayıb ki, yalnız dövlət büdcəsi hesabına deyil, özəl sektorun maliyyə imkanlarından istifadə etməklə də ekoloji və infrastruktur layihələrinin inkişafını sürətləndirmək mümkündür.

“Dövlət-özəl tərəfdaşlığı vasitəsilə özəl sektorun prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır”, – deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, dairəvi iqtisadiyyat, inklüziv şəhər inkişafı və dayanıqlı idarəetmə mövzularına həsr olunub. Forum çərçivəsində plastik çirklənməsi, təmiz hava, dayanıqlı nəqliyyat, mənzil siyasəti və yaşıl iqtisadiyyat istiqamətində çoxsaylı panel və müzakirələr təşkil edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan PPP modeli ilə ekoloji layihələrin icrasını genişləndirir - — Fins.az — Fins.az