
Azərbaycan neftinin əsas idxalçı ölkələri açıqlanıb - SİYAHI
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici bazarlara neft və neft məhsulları ixracında azalma qeydə alınıb.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədən ümumilikdə 5,078 milyon ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu ixracın ümumi dəyəri 2,501 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həm fiziki həcm, həm də dəyər baxımından azalıb. Belə ki, ixracın dəyərində 836 milyon ABŞ dolları və ya 25,1% azalma, fiziki həcmdə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.
Əsas ixrac bazarları
Hesabat dövründə Azərbaycan neftinin əsas ixrac istiqamətlərində Avropa ölkələri üstünlük təşkil edib. İtaliya 3 273 515.13 ton neft idxal edərək 1 614 411 760 ABŞ dolları dəyərində alış həyata keçirib.
Çexiya 355 470.34 ton həcmində 184 328 190 ABŞ dolları, Rumıniya isə 372 051.77 ton həcmində 178 619 930 ABŞ dolları dəyərində neft idxal edib.
Digər ölkələr üzrə göstəricilər
Almaniya 270 476.00 ton (127 484 410 ABŞ dolları), Portuqaliya 223 549.41 ton (112 357 890 ABŞ dolları), Tunis 183 708.58 ton (94 503 370 ABŞ dolları), Bolqarıstan 130 821.20 ton (67 865 340 ABŞ dolları) həcmində Azərbaycan nefti alıb.
Xorvatiya 86 166.17 ton (40 819 950 ABŞ dolları), Türkiyə 56 030.91 ton (25 891 250 ABŞ dolları), Fransa isə 61 000.04 ton (24 140 000 ABŞ dolları) həcmində idxal həyata keçirib.
“Digər” kateqoriyası üzrə isə 65 044 780 ton həcmində 30 287 430 ABŞ dolları dəyərində ixrac qeydə alınıb.
Nəqliyyat marşrutları
Azərbaycan nefti beynəlxalq bazarlara Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərləri vasitəsilə nəql olunur. Hazırda Bakı-Supsa kəməri ilə ixrac prosesi dayandırılıb.