Azərbaycan beynəlxalq daşımaların qovşağına çevriləcəkdir

Azərbaycan beynəlxalq daşımaların qovşağına çevriləcəkdir

BİZNES
380

Fins.az - Müasir qlobal iqtisadiyyatda nəqliyyat və logistika sistemləri ölkələrin rəqabət qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının “məsafələri qısaltdığı”, inteqrativ prosesləri intensivləşdirdiyi müasir dövrdə beynəlxalq ticarət əlaqələrinin genişlənməsi, qlobal təchizat zəncirlərinin inkişafı, qlobal və regional inteqrasiyanın güclənməsi nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıb. Coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Respublikası əlverişli tranzit mövqeyinə malikdir. 2003-cü ildən etibarən ölkədə həyata keçirilən iri infrastruktur layihələri, nəqliyyat-kommunikasiya sisteminin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülən işlər Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi üçün möhkəm zəmin yaradıb.

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində  Prezident İlham Əliyevin vurğuladığı “biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıqifadələri də yuxarıda qeyd olunanları bir daha təsdiq edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov mövzunu şərh edərək bildirir ki,  ölkəmizin beynəlxalq daşımaların qovşağına çevrilməsi üçün zəngin potensialı mövcuddur. Bunların bir qismi də uğurla həyata keçirilən proqram və layihələr nəticəsində qazanılmış üstünlüklərdir.

 

Azərbaycan belnəlxalq nəqliyyat dəhlizlərinin əhatəsində

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu mövqe ölkəyə Avropa, Asiya, Yaxın Şərq və Mərkəzi Asiya bazarları arasında mühüm tranzit körpüsü rolunu oynamaq imkanı verir.

Qlobal ticarətdə müşahidə olunan dəyişikliklər, xüsusilə də yükdaşımaların daha təhlükəsiz və qısa marşrutlar üzrə təşkil edilməsinə artan tələbat Azərbaycanın tranzit əhəmiyyətini daha da yüksəldir. Ölkə ərazisindən keçən nəqliyyat marşrutları yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya, eləcə də əks istiqamətdə daha qısa müddətdə çatdırılmasına imkan yaradır. Xəzər dənizinə çıxışın olması da ölkəmizin logistika imkanlarını genişləndirir. Xəzər hövzəsi ölkələri ilə əlaqələrin inkişafı, dəniz daşımalarının artırılması və multimodal nəqliyyat sistemlərinin tətbiqi ölkənin beynəlxalq nəqliyyat şəbəkəsindəki rolunu gücləndirir.

Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsində nəqliyyat infrastrukturuna yatırılan investisiyalar mühüm əhəmiyyət daşıyır. Son illərdə ölkədə avtomobil yolları, dəmir yolları, hava limanları və dəniz limanlarının modernləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib və bu proseslər davam edir.

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən müasir logistika mərkəzlərindən biri hesab olunur. Limanın yükötürmə qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılır ki, bu da Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Yaxın günlərdə modernləşmə proseslərinin tamamlanması ilə illik buraxıcılıq qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılan Bakı–Tbilisi–Qars dəmir yolu xətti isə Çindən Avropaya qədər uzanan Orta Dəhlizin mühüm tərkib hissəsi kimi yüklərin daha qısa müddətdə və daha aşağı xərclərlə daşınmasına imkan yaradır.

 

Orta Dəhlizin inkişafında Azərbaycanın rolu

Son illərdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) qlobal logistika sistemində xüsusi əhəmiyyət qazanıb. Bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Avropa ölkələrini birləşdirir.

Mövcud geosiyasi dəyişikliklər nəticəsində bir sıra ənənəvi yük marşrutlarının əhəmiyyəti azaldıqca, Orta Dəhlizə maraq daha da artmaqdadır. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri olmaqla yük axınlarının koordinasiyasında strateji rol oynayır. Ölkəmiz nəinki Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində, eləcə də Cənub-Qərb, Şimal-Qərb istiqamətlərində də əsas tranzit mərkəzi kimi çıxış edir. Dəhlizlər və nəqliyyat növləri üzrə tranzit daşımalara dair statistik mənzərə də bunu bir daha təsdiq edir:

Onu da qeyd edək ki, 2025-ci ildə tranzit daşımaların 1.7%-i hava, 52.2%-i avtomobil, 46.1%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilib.

 

Dəhlizlər üzrə daşımalara gəldikdə isə, yüklərin 33.7%-i Şərq-Qərb, 16.8%-i Şimal-Cənub, 21.9%-i Cənub-Qərb, 27.6%-i Şimal-Qərb dəhlizləri üzrə daşınıb.

 

İşğaldan azad edilmiş ərazilərin logistik potensialı

 

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın nəqliyyat sisteminin inkişafına yeni imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan müasir avtomobil yolları, dəmir yolu xətləri və beynəlxalq hava limanları ölkənin logistika imkanlarını artırır.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları regionun iqtisadi inkişafına təkan verməklə yanaşı, yük və sərnişin daşımalarının genişlənməsinə də xidmət edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını daha da yüksəldəcək və Türk dünyasının nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəkdir. Bütün bunların nəticəsində, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi formalaşması, nəqliyyat-tranzit imkanlarının güclənməsi ölkə iqtisadiyyatına çoxsaylı üstünlüklər qazandıracaqdır.

Nəticə olaraq, Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi ölkəmizə dövlət büdcəsinə əlavə gəlirlər, logistika və sənaye sahələrinə investisiya axını, yeni iş yerlərinin yaradılması, bölgələrin iqtisadi fəallığının artması, yerli məhsulların xarici bazarlara çıxışının genişlənməsi, beynəlxalq xidmət sektorunun inkişafı və s. kimi iqtisadi üstünlüklər qazandıracaqdır. Beynəlxalq təcrübə də göstərir ki, nəqliyyat-tranzit-logistika mərkəzinə çevrilən ölkələr nəqliyyat xidmətlərindən böyük gəlirlər əldə edir və bu, iqtisadiyyatın diversifikasiyasını sürətləndirirlər. Azərbaycan üçün də tranzit və logistika sektoru neftdənkənar iqtisadiyyatın inkişafında mühüm rol oynaya bilər. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində dövlət başçısının da qeyd etdiyi kimi: “Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan beynəlxalq daşımaların qovşağına çevriləcəkdir — Fins.az — Fins.az