
Azərbaycan-Avropa İttifaqı biznes əməkdaşlığı: ticarət, investisiya və yeni imkanlar
Azərbaycan ilə Avropa İttifaqı arasında biznes əməkdaşlığı son illərdə daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində əməkdaşlıq həm ticarət dövriyyəsinin artmasına, həm də investisiya axınının güclənməsinə səbəb olub. Azərbaycan-Avropa İttifaqı biznes əlaqələri ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır.
Azərbaycan–Avropa İttifaqı ticarət əlaqələri
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İxracın böyük hissəsi enerji resurslarının payına düşsə də, son illərdə qeyri-neft məhsullarının Avropa bazarına çıxışı da genişlənir. Kənd təsərrüfatı məhsulları, qida sənayesi, kimya və yüngül sənaye məhsulları Aİ ölkələrinə ixrac olunur.
Statistik göstəricilər
2025-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin dəyəri 19 milyard 769 milyon ABŞ dolları təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur.
Belə ki, Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsində ixracın payı 16 milyard 944 milyon ABŞ dolları, idxalın payı isə 2 milyard 825 milyon 727 min ABŞ dolları təşkil edib. Azərbaycanın Avropa İttifaqı ilə ticarətində əsas tərəfdaşları İtaliyadır. Bu ölkə ilə ticarət dövriyyəsinin dəyəri ötən il 11 milyard 860 milyon 412 min ABŞ dolları təşkil edib. Bu ölkəyə ixracın dəyəri 11 milyard 342 milyon 330 min ABŞ dolları təşkil edib. Növbəti yerdə Almaniya qərarlaşıb, bu ölkə ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 376 milyon ABŞ dolları təşkil edib ki, bunun da 550 milyon 073 min ABŞ dollarlıq hissəsi Azərbaycanın ixracıdır. Ümumlikdə, Azərbaycanın ən çox ticarət dövriyyəsi Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb.
2026-cı ildə əməkdaşlıq
Bu ilin yanvar ayında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 781 milyon 262 min ABŞ dolları təşkil edib. bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 % azdır.
Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 33,6 % azalaraq 1 milyard 596 milyon 934 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 13,4 % azalaraq 184 milyon 328 min ABŞ dolları olub. Yanvarda Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,4 %, ümumi idxalında payı isə 14,15 % təşkil edib.
Ay ərzində Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Rumıniya, Almaniya, Bolqarıstan və Yunanıstan ilə formalaşıb.
Azərbaycanın Avropa bazarına inteqrasiyası aşağıdakı üstünlükləri yaradır:
Böyük və sabit istehlak bazarına çıxış
Yüksək keyfiyyət və standartlara uyğunlaşma
Yeni texnologiyalara və innovasiyalara çıxış
Xarici investisiyaların artması
Qeyri-neft sektorunda əməkdaşlıq imkanları
Azərbaycan–Avropa İttifaqı biznes əməkdaşlığı qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Aşağıdakı istiqamətlər xüsusi önəm daşıyır:
Aqrar sektor və aqro-ixrac
Logistika və Orta Dəhliz layihəsi
Rəqəmsal transformasiya və startap ekosistemi
Kiçik və orta sahibkarlığın (KOB) inkişafı
Avropa şirkətləri Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda investisiya yatıraraq istehsal və ixrac potensialını genişləndirirlər.
İnvestisiya mühiti və hüquqi çərçivə
Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılması, vergi və gömrük prosedurlarının sadələşdirilməsi, investisiya təşviqi mexanizmlərinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu islahatlar Avropa investorları üçün daha şəffaf və cəlbedici mühit yaradır.
Aynur Bayramova
Fins.az