Azad edilmiş ərazilərdə 21 min hektar torpaq icarəyə verilir

Azad edilmiş ərazilərdə 21 min hektar torpaq icarəyə verilir

BİZNES
306

Fins.az - İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsinə müraciətlərin qəbulu başlayıb.

Proses Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

Müsabiqə Azərbaycan Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş qaydalara uyğun təşkil olunur.

Ümumilikdə 9 rayon üzrə 21 039 hektar torpaq sahəsi (61 massiv) sahibkarlara təklif olunur. Torpaqlar Xocavənd, Xocalı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdərə, Ağdam, Qubadlı və Laçın rayonlarını əhatə edir.

İnvestisiya istiqamətlərinə əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq daxildir.

İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə bağlanacaq. Müvafiq şərtlərə əməl edildiyi halda bu müddət əlavə olaraq 44 ilədək uzadıla bilər.

Müraciətlərin qəbulu 30 aprel 2026-cı il saat 09:00-da başlayıb və 15 iyun 2026-cı il saat 18:00-dək davam edəcək. Sahibkarlar müraciətlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə təqdim etməlidirlər.

Qaydalara əsasən, təqdim edilən investisiya layihələri minimum 20 hektar sahəni əhatə etməli (balıqçılıq və aqroturizm istisna olmaqla) və biznes-plan şəklində hazırlanmalıdır.

Müsabiqədə iştirak haqqı hər müraciət üzrə 50 manat təşkil edir.

Ekspertlər hesab edir ki, bu cür müsabiqələr azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına, məşğulluğun artırılmasına və regionların iqtisadi canlanmasına mühüm töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azad edilmiş ərazilərdə 21 min hektar torpaq icarəyə verilir — Fins.az — Fins.az