
Avropa Komissiyasının koordinasiyası ilə Transbalkan marşrutu üzrə yeni mexanizm hazırlanıb
Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB, tərəfdaş qaz nəqliyyatı sistemi operatorları ilə birlikdə Transbalkan marşrutu üzrə vahid kommersiya mexanizminin tətbiqi barədə razılığa gəlib.
Fins.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, bu təşəbbüs Avropa Komissiyası-nın koordinasiyası ilə həyata keçirilir və DESFA, Bulgartransgaz, Transgaz, Vestmoldtransgaz və Gas TSO of Ukraine kimi operatorları əhatə edir.
Bildirilib ki, qərar Avropa İttifaqı normalarına uyğun davamlı və uzlaşdırılmış modelin formalaşdırılması istiqamətində mühüm addımdır. Yeni mexanizm marşrut boyunca harmonizasiya olunmuş və şəffaf tarif yanaşmasını nəzərdə tutur.
Məlumata əsasən, bu addım Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qazın təhlükəsiz və rəqabətədavamlı təchizatının təmin olunması baxımından “Şaquli qaz dəhlizi”nin rolunu daha da gücləndirəcək.
Qeyd olunub ki, 2026-cı ilin oktyabr ayından etibarən operatorlar Transbalkan dəhlizi boyunca bütün qoşulma nöqtələrində illik, rüblük, aylıq və gündəlik əsasda rəqabətədavamlı tariflərlə güc məhsulları təklif edəcəklər. Bunun nəticəsində marşrutun kommersiya cəlbediciliyinin, bazarların inteqrasiyası səviyyəsinin və region ölkələrində likvidliyin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Keçid dövrü üçün operatorlar mövcud güc məhsullarının qüvvədə olma müddətinin 2026-cı ilin oktyabrınadək uzadılması ilə bağlı milli tənzimləyicilərə müraciət ediblər. Bu addımın Ukraynaya qaz tədarükünün fasiləsizliyini təmin edəcəyi bildirilir.
Qeyd edək ki, Transbalkan dəhlizi Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna-nı birləşdirən regional qaz nəqli marşrutudur və Avropa İttifaqı tərəfindən dəstəklənən “Şaquli qaz dəhlizi” təşəbbüsünün tərkib hissəsidir. Marşrut xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) və Xəzər qazı hesabına tədarük mənbələrinin şaxələndirilməsi, eləcə də regionda enerji təhlükəsizliyi və bazar inteqrasiyasının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.