ARDNF-nin aktivləri 72,6 milyard dollara çatıb, gəlirləri 8,5 milyard manat olub

ARDNF-nin aktivləri 72,6 milyard dollara çatıb, gəlirləri 8,5 milyard manat olub

BİZNES
224

Fins.az - Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə göstəriciləri açıqlanıb. Hesabat dövründə Fondun aktivləri 72,6 milyard ABŞ dolları (123,4 milyard manat) təşkil edib.

ARDNF-nin məlumatına görə, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 542 milyon ABŞ dolları (125 021 milyon manat) olduğu halda, iyunun 30-na 72 596 milyon ABŞ dollarına (123 414 milyon manat) enib.

2026-cı ilin ilk yarısında ARDNF-nin ümumi gəlirləri 8 531,3 milyon manat təşkil edib. Bu dövrdə neft-qaz gəlirlərinin həcmi 4 953,4 milyon manat, vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan gəlirlər isə 3 577,9 milyon manat olub.

Hesabat dövründə Fondun dövlət büdcəsinə transfertləri və digər xərcləri ümumilikdə 6 449,7 milyon manat təşkil edib.

ARDNF-nin neft-qaz gəlirləri 4,9 milyard manat olub

2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 953,4 milyon manat təşkil edib.

Bu gəlirlərin əsas hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Belə ki, bu istiqamət üzrə daxilolmalar 4 947,6 milyon manat olub.

Bundan əlavə, hesabat dövründə bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişlər isə 4,9 milyon manat təşkil edib.

Fondun məlumatına görə, yanvar-iyun aylarında ARDNF-yə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AÇG yatağı) fəaliyyətindən 4 374,9 milyon manat, “Şahdəniz” yatağından isə (qaz və kondensat üzrə) 437,1 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsinə 6,4 milyard manat transfert edilib

Hesabat dövründə ARDNF tərəfindən dövlət büdcəsinə 6 420,0 milyon manat vəsait transfert olunub.

Bundan əlavə, Fondun layihə xərcləri 14,3 milyon manat təşkil edib. Bu vəsaitlər aşağıdakı istiqamətlərə yönəldilib:

  • “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,1 milyon manat;

  • “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 12,3 milyon manat.

Eyni zamanda, ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər hesabat dövründə 15,4 milyon manat olub.

Qızıl və valyuta dəyişiklikləri üzrə 3,7 milyard manat büdcədənkənar xərc yaranıb

2026-cı ilin yanvar-iyun aylarında qızıl qiymətlərinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində ARDNF-nin büdcədənkənar xərci 3 688,1 milyon manat təşkil edib.

Fond qeyd edib ki, maliyyə bazarlarında baş verən dəyişikliklər investisiya portfelinin gəlirliliyinə təsir göstərib.

Qlobal bazarlarda volatillik ARDNF portfelinə təsir edib

ARDNF-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə başlayan ABŞ-İran münaqişəsi qlobal maliyyə və enerji bazarlarında yüksək volatilliyə səbəb olub. Geosiyasi gərginlik bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib.

İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub və müsbət gəlirlilik əldə edilib. Bununla belə, qızıl idarəetmədə olan ümumi vəsaitlərə mənfi təsir göstərib.

İlin əvvəlində investorların təhlükəsiz aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləyib. Lakin birinci rübün sonlarından etibarən bu tendensiya dəyişib. Neft qiymətlərinin kəskin artması inflyasiya gözləntilərini gücləndirib və inkişaf etmiş ölkələrin istiqraz bazarlarında qiymətlərin azalmasına səbəb olub.

Enerji qiymətlərindən yaranan inflyasiya təzyiqi xüsusilə Avropa bazarlarına təsir edib. ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbətən dayanıqlı mövqe nümayiş etdirib.

Səhm bazarlarında bərpa, qızıl qiymətlərində eniş müşahidə olunub

Qlobal səhm bazarları 2026-cı ilin birinci rübünün əvvəlində müsbət dinamika göstərsə də, ABŞ-İran münaqişəsinin kəskinləşməsi və artan geosiyasi risklər səbəbindən rüb ərzində geriləyib.

İkinci rübdə isə bazarlarda bərpa prosesi başlayıb. Süni intellekt sahəsinə artan investisiya marağı, eləcə də atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması nəticəsində ikinci rüb 2020-ci ildən bu yana səhm bazarları üçün ən uğurlu dövrlərdən biri olub.

Lakin rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və bazarlarda volatillik yenidən artıb.

Qızıl bazarında isə ilin əvvəlində kəskin bahalaşma qeydə alınıb. Bu artım ABŞ dollarının zəifləməsi, investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi ilə əlaqələndirilib.

Birinci rübün sonunda qızıl qiymətləri azalmağa başlayıb və real faiz dərəcələrinin yüksəlməsi fonunda bu tendensiya ikinci rüb ərzində də davam edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF-nin aktivləri 72,6 milyard dollara çatıb, gəlirləri 8,5 milyard manat olub — Fins.az — Fins.az