AÇG-nin qaz potensialı artır – SOCAR yeni mərhələni açıqlayıb

AÇG-nin qaz potensialı artır – SOCAR yeni mərhələni açıqlayıb

BİZNES
190

“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı artıq yalnız neft hasilatı layihəsi deyil, strateji neft-qaz infrastrukturu layihəsinə çevrilib.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, neft-qaz sənayesində upstream sektorunun əsas prioritetləri dəyişir və diqqət tədricən yeni yataqların kəşfindən mövcud aktivlərin daha səmərəli idarə olunmasına yönəlir.

“Əvvəllər əsas diqqət yeni yataqların kəşfi və iri layihələrin həyata keçirilməsinə yönəlmişdi. Bu gün isə əsas vəzifə mövcud yataqlardan maksimum dəyər əldə etmək və mövcud infrastrukturu daha səmərəli istifadə etməkdir”, – deyə SOCAR rəsmisi bildirib.

Babək Hüseynov qeyd edib ki, hətta hasilatın bərpa əmsalının cəmi 1 faiz artırılması belə uzunmüddətli perspektivdə enerji təminatına ciddi töhfə verə bilər.

Onun sözlərinə görə, bu yanaşma kəşfiyyat işlərinin əhəmiyyətini azaltmır, lakin sənayedə prioritetlər dəyişir və mövcud aktivlərdən daha çox dəyər yaradılması ön plana çıxır.

SOCAR rəsmisi “Azəri-Çıraq-Günəşli” layihəsini bu baxımdan nümunə kimi göstərib. Onun sözlərinə görə, AÇG artıq təkcə neft yatağı deyil, həm də əhəmiyyətli qaz potensialına malik strateji enerji infrastrukturu layihəsidir.

“Biz dünən AÇG-dən qeyri-assosiasiyalı qaz hasilatı ilə bağlı mühüm mərhələni qeyd etdik. Bu layihə artıq həm neft, həm də qaz potensialı olan strateji enerji platformasıdır”, – deyə o bildirib.

Babək Hüseynov həmçinin “Abşeron” qaz-kondensat yatağının inkişafında əsas prioritetlərin sürətli hasilat, səmərəli layihə dizaynı və kapital intizamı olduğunu vurğulayıb.

“Layihələrin həm iqtisadi səmərəlilik, həm də icra sürəti baxımından optimal olması vacibdir”, – deyə o əlavə edib.

SOCAR rəsmisi “Qarabağ” yatağının isə fərqli inkişaf modeli əsasında – mövcud infrastrukturdan istifadə etməklə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu yanaşma hasilatın daha tez başlanmasına və layihə risklərinin azalmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AÇG-nin qaz potensialı artır – SOCAR yeni mərhələni açıqlayıb — Fins.az — Fins.az