“Abşeron” yatağının tam işlənməsi layihəsi üzrə ilk qaz hasilatına 2029-cu ilin sentyabrında başlanacaq

“Abşeron” yatağının tam işlənməsi layihəsi üzrə ilk qaz hasilatına 2029-cu ilin sentyabrında başlanacaq

BİZNES
396

Fins.az - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz və kondensat yatağı üzrə Tam İşlənmə (YTİ) Layihəsi çərçivəsində ilk təbii qazın hasilatına 2029-cu il sentyabrın 1-də başlanılması nəzərdə tutulur və layihənin istismar müddətinin təxminən 30 il olacağı planlaşdırılır.

“Total Energies” şirkətinin məlumataına görə, layihəni “TotalEnergies Absheron B.V.”, SOCAR Abşeron və ADNOC XRG birgə həyata keçirəcək.

Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) sənədinə əsasən, layihə Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyalar, Abşeron üzrə Hasilatın Pay Bölgüsü Sazişi və beynəlxalq neft sənayesi standartlarına uyğun aparılıb. Layihə Abşeron dəniz qaz-kondensat yatağında əvvəllər uğurla həyata keçirilmiş Erkən Hasilat Sxemi mərhələsindən sonra növbəti inkişaf mərhələsini təşkil edir.

Layihə çərçivəsində üç (gələcəkdə əlavə bir) sualtı quyunun qazılması, sualtı infrastrukturun qurulması və dəniz və quru boru kəmərlərinin çəkilməsi, həmçinin Səngəçal Terminalından təxminən 4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyekti (MEO) tikilməsi planlaşdırılır. MEO çıxarılan xam qaz və mayeləri emal edəcək, stabilizasiyadan keçməmiş kondensat isə Səngəçal Terminalına nəql ediləcək, emal olunmuş qaz isə Cənubi Qafqaz Boru Kəməri və Azərbaycanın daxili qaz şəbəkəsinə ötürüləcək.

ƏMSTQ qiymətləndirməsinə görə, layihənin qazma, tikinti, sualtı quraşdırma və istismar mərhələləri üzrə ətraf mühit, sosial sahə və mədəni irsə böyük mənfi təsirlər aşkar edilməyib. Orta səviyyəli risklər əsasən fövqəladə hallarla — məsələn, qazın qeyri-müntəzəm məşəldə yandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlıdır və texniki layihələndirmə, operativ nəzarət və fövqəladə hallara hazırlıq tədbirləri ilə idarə olunacaq.

Layihə çərçivəsində tətbiq olunacaq idarəetmə və azaldıcı tədbirlər nəticəsində qalıq təsirlərin əksəriyyəti “cüzi” və ya “kiçik” səviyyədə olacaq, dəniz və quru faunasının qısamüddətli narahatlığı, hava emissiyaları, səs-küy və tullantılar əsasən lokal və müvəqqəti xarakter daşıyacaq.

Müsbət sosial-iqtisadi təsirlər isə yerli məşğulluğun artması, yerli şirkətlər üçün satınalma imkanları, kadr potensialının inkişafı və Azərbaycanın enerji təhlükəsizliyinə töhfəni əhatə edir. İctimaiyyət və maraqlı tərəflərlə müzakirələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmələr aparılmaqla həyata keçirilib.

1-ci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub, gündəlik hasilat 4 milyon kub metr qaz və 13 000 barel kondensat təşkil edib. 2-ci mərhələdə Maksimum hasilat dövründə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) və 35 000 barel kondensat təmin olunacaq, 140 km-lik çoxfazalı sualtı boru kəməri Mərkəzi Emal Obyektinə qoşulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Abşeron” yatağının tam işlənməsi layihəsi üzrə ilk qaz hasilatına 2029-cu ilin sentyabrında başlanacaq — Fins.az — Fins.az