
SOCAR “yaşıl” istiqraz investorlarına 3 milyon dollar faiz ödəyib
8 iyun 2026-cı il tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə sayca 5-ci kupon ödənişi həyata keçirilib.
“SOCAR Capital”ın məlumatına əsasən, növbəti faiz ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb. Bununla da bu istiqrazlar üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.
SOCAR-ın “yaşıl” istiqrazları 2025-ci il yanvarın 15-də emissiya olunub və ölkənin “yaşıl” enerji strategiyasına töhfə vermək məqsədi daşıyır. İllik 6% gəlirlilik təklif edən və 5 illik müddətə buraxılan istiqrazlar investorlar tərəfindən yüksək maraqla qarşılanıb.
2025-ci il martın 7-dən etibarən Bakı Fond Birjasında (BFB) ticarətə çıxarılan bu maliyyə aləti daxili kapital bazarının aktivliyinə müsbət təsir göstərib. İndiyədək istiqrazlar üzrə 35,5 milyon ABŞ dollarından çox həcmdə 512 əqd bağlanıb.
Məlumata görə, SOCAR istiqrazlarının marketmeykeri “ABB İnvest” investisiya şirkətidir. Bu istiqrazlar bütün vergilərdən azaddır və kupon ödənişləri hər 3 aydan bir həyata keçirilir.
Ümumilikdə istiqrazların müddətinin sonuna qədər investorlara 60 milyon ABŞ dolları gəlir qazandırması nəzərdə tutulur.
Qeyd edək ki, SOCAR istiqrazlarının ilk buraxılışından – 2016-cı ildən bu günədək investorlara ümumilikdə 60,25 milyon ABŞ dolları faiz ödənişi həyata keçirilib.