
Neftin düşməsi dayanmır - UCUZLAŞMA 10 FAİZİ AŞDI
Bu gün Brent neftinin ucuzlaşması 10%-i keçdi
Neft, koronavirus səbəbindən tələbin çökməsilə əlaqədar olaraq ucuzlaşmaqda davam edir.
Fins.az xəbər verir ki, neft qiymətləri 10%-dən çox geriləyib.
Fed-in dünyanın ən böyük iqtisadiyyatını dəstəkləmək üçün təcili tədbirlər görməsi (faizləri endirməsi və təşviqə başlaması) bazarları sarsıdan qorxunun daha da artmasına gətirib çıxarıb.
ABŞ xam neftinin qiyməti yenidən 30 dollardan aşağı səviyyələrə geriləyib. ABŞ-da benzin ucuzlaşıb.
Bakı vaxtı ilə saat 15:10-da Brent nefti 10,3% ucuzlaşma ilə 30,69 dollardan alıcı tapıb.
Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin artması neftə qlobal tələbin tarixin ən kəskin şəkildə azalmasına gətirib çıxarıb. Nəticədə neftdə fövqəladə ucuzlaşma davam edir.
"NEFTİN İSTƏNİLƏN QİYMƏTİNƏ HAZIRIQ"
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “Neftin istənilən qiymətinə cavab verməyə hazırıq” deyib:
“Neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq. Hesab edirəm və ümumi fikir də bundan ibarətdir ki, bizim hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlaya bilmək üçün kifayət qədər başqa potensialımız var. Yəni inflyasiyanı qaldırmadan, bütövlükdə həyata keçirilmiş və əldə olunmuş maddi-sosial rifah halını qorumaqla, maliyyə sektoru üçün əlavə problemlər yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər imkanlar var. Mən dünənki çıxışımda da dedim ki, hökumətin alternativ – “B planı” var və bu planda bütövlükdə ssenari və onun necə tənzimlənməsi də mövcuddur”.
