Neft və qızıl bahalaşır: ING Azərbaycana 3 milyard dollarlıq əlavə ixrac effekti proqnozlaşdırır

Neft və qızıl bahalaşır: ING Azərbaycana 3 milyard dollarlıq əlavə ixrac effekti proqnozlaşdırır

BİRJA
342

Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünya bazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycan, Qazaxıstan və Özbəkistanın xarici balanslarına qısamüddətli dəstək verir, enerjidən asılı olan Ermənistan üçün isə əlavə iqtisadi təzyiq yaradır.

Fins.az xəbər verir ki, bu barədə Niderlandın ING Group şirkətinin hesabatında bildirilir.

Analitiklərin hesablamalarına görə, neftin bir barelinin qiymətinin hər 10 dollar davamlı artması Qazaxıstanın illik ixracına təxminən 6 milyard dollar, Azərbaycanın ixracına isə 3 milyard dollar əlavə edir. Bu isə müvafiq olaraq Qazaxıstan ÜDM-nin 1,8 faizi, Azərbaycan ÜDM-nin isə 4 faizi həcmində təsir deməkdir.

Büdcə baxımından isə neft qiymətlərinin eyni həcmdə artması hər iki ölkəyə yanacaq satışından təxminən 1,5 milyard dollar əlavə gəlir gətirir. Bu göstərici Qazaxıstan ÜDM-nin 0,5 faizi, Azərbaycan ÜDM-nin isə 2 faizi səviyyəsində qiymətləndirilir.

Hesabatda qeyd olunur ki, Özbəkistan qızıl qiymətlərinin artımından faydalanır. Analitiklərin hesablamalarına görə, qızılın hər unsiyasının qiymətinin 1 000 dollar artması ölkəyə təxminən 4 milyard dollar ixrac gəliri qazandırır ki, bu da ÜDM-in 2,7 faizi deməkdir.

Şirkət bildirir ki, MDB ölkələrinin münaqişə tərəfləri ilə birbaşa ticarət əlaqələri məhduddur, lakin Avropa İttifaqından idxaldan və Türkiyə, İran və Körfəz ölkələrini əhatə edən təchizat zəncirlərindən asılılıq müəyyən risk amili olaraq qalır.

Xatırladaq ki, 17 fevralda Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu nəticəsiz başa çatıb. Bundan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, 26 fevralda Cenevrədə İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə baş tutan görüş vəziyyətin diplomatik həlli üçün son şans kimi qiymətləndirilsə də, tərəflər arasında konkret razılaşma əldə olunmayıb.

Bundan sonra 28 fevralda İsrail və ABŞ tərəfindən İrana qarşı hərbi hava hücumları həyata keçirilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft və qızıl bahalaşır: ING Azərbaycana 3 milyard dollarlıq əlavə ixrac effekti proqnozlaşdırır — Fins.az — Fins.az