Cavid Quliyev: “Azərbaycanın ilk özəl bank IPO-su uğurla tamamlanıb”

Cavid Quliyev: “Azərbaycanın ilk özəl bank IPO-su uğurla tamamlanıb”

BİRJA
272

Fins.az - Bakı Fond Birjasında (BFB) PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinə (IPO) həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.

İyunun 24-də təşkil olunan tədbirdə çıxış edən PAŞA Bank İdarə Heyətinin sədri və baş icraçı direktor Cavid Quliyev bildirib ki, Azərbaycanın ilk özəl bank IPO-su uğurla tamamlanıb və səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinin yekunlaşması münasibətilə “Açılış Zəngi” mərasimi təşkil olunub.

Onun sözlərinə görə, 18 mindən çox investorun etimadını qazanmaq və təklif həcmini üstələyən tələbin formalaşması təkcə PAŞA Banka deyil, bütövlükdə Azərbaycanın kapital bazarlarına olan inamın göstəricisidir. Cavid Quliyev qeyd edib ki, bu addım gələcəkdə yeni şirkətlərin kapital bazarına çıxışı üçün uğurlu nümunə olacaq və ölkədə investisiya mədəniyyətinin inkişafına töhfə verəcək.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Cavid Quliyev bildirib ki, PAŞA Bankın publik şirkətə çevrilməsi Bank üçün yeni mərhələnin başlanğıcıdır.

Onun sözlərinə görə, publik şirkət statusu yeni məsuliyyətlər yaradır və artıq təxminən 18 min səhmdar qarşısında öhdəlik daşıyan Bank investorlarla daimi ünsiyyətin qurulmasına, onların gözləntilərinin öyrənilməsinə və effektiv kommunikasiya kanallarının yaradılmasına xüsusi diqqət yetirəcək.

Cavid Quliyev vurğulayıb ki, PAŞA Bank təkcə Azərbaycanın ilk özəl bankı kimi deyil, həm də bu miqyasda publikləşən ilk özəl şirkətlərdən biri kimi yeni səhifə açıb. O qeyd edib ki, “Açılış Zəngi” mərasimi yalnız PAŞA Bank üçün deyil, bütövlükdə Azərbaycan kapital bazarı üçün mühüm simvolik əhəmiyyət daşıyır və bu, həm fiziki, həm də hüquqi şəxslərin PAŞA Banka, PAŞA Qrupa və kapital bazarlarına olan etimadının göstəricisidir.

Bank rəhbəri bildirib ki, son 60 gün ərzində optimist gözləntilər mövcud olsa da, təklifə tələbin 130 faiz səviyyəsində olacağı proqnozlaşdırılmırdı. Onun fikrincə, əldə olunan nəticə həm Azərbaycan kapital bazarına, həm də PAŞA Bank və PAŞA Qrupuna olan yüksək etimadın bariz nümunəsidir.

Cavid Quliyev əlavə edib ki, PAŞA Bank 19 illik fəaliyyəti ərzində bazarda özünəməxsus mövqe qazanıb. O qeyd edib ki, Bankın biznes fəlsəfəsinin əsasını maliyyə tərəfdaşlığı təşkil edir və IPO nəticələri investorların PAŞA Bankı dayanıqlı, güclü və yüksək mənfəətlilik nümayiş etdirən maliyyə institutu kimi qiymətləndirdiyini göstərib.

Qeyd edək ki, iyunun 19-da Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin yerləşdirilməsi uğurla yekunlaşıb. BFB-nin Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən, Bankın səhmləri ticarətə buraxılıb və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cavid Quliyev: “Azərbaycanın ilk özəl bank IPO-su uğurla tamamlanıb” — Fins.az — Fins.az