Bakı Fond Birjasında Azərbaycan və Böyük Britaniya Kapital Bazarları üzrə Əməkdaşlıq Müzakirə Edilib

Bakı Fond Birjasında Azərbaycan və Böyük Britaniya Kapital Bazarları üzrə Əməkdaşlıq Müzakirə Edilib

BİRJA
166

Fins.az - 16 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvudun rəhbərlik etdiyi nümayəndə heyəti və Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman MBE-nin rəhbərlik etdiyi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşə Bakı Fond Birjasının Müşahidə Şurasının sədri cənab Fərid Axundov rəhbərlik edib. Tədbirdə həmçinin BFB-nin İdarə Heyətinin üzvləri, Milli Depozit Mərkəzinin (MDM), ABB Invest-in nümayəndələri və London Fond Birjasının AIM bazarında listinqdə olan Anglo-Asian Mining PLC şirkətinin törəmə müəssisəsi olan Azerbaijan International Mining Company-nin (AIMC) rəhbər heyəti iştirak ediblər.

Görüş zamanı Lord Stokvud Azərbaycan və Böyük Britaniya kapital bazarları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini ifadə edib. O, xüsusilə potensial ikili listinq imkanlarının araşdırılması, azərbaycanlı investorların Böyük Britaniyada listinqdə olan şirkətlərə investisiya imkanlarının genişləndirilməsi və digər sərhədlərarası kapital bazarı təşəbbüslərinin təşviqinin vacibliyini vurğulayıb. Eyni zamanda, bu istiqamətdə həyata keçiriləcək təşəbbüslərin dəstəklənməsinə və onların inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Tərəflər fəal dialoqun davam etdirilməsinin və bu kimi görüşlərin mütəmadi əsasda təşkil olunmasının əhəmiyyətini qeyd ediblər. Növbəti mərhələdə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi və kapital bazarı iştirakçıları ilə əməkdaşlıq çərçivəsində mövcud maneələrin müəyyənləşdirilməsi və ikitərəfli kapital bazarı əməkdaşlığının inkişafına xidmət edəcək praktiki tədbirlərin hazırlanması istiqamətində işlərin aparılması təklif olunub.

Azerbaijan International Mining Company-nin (AIMC) nümayəndələri isə ana şirkəti olan Anglo Asian Mining PLC-nin Bakı Fond Birjasında potensial listinq imkanlarını nəzərdən keçirməkdə maraqlı olduğunu bildiriblər. Bu çərçivədə onlar belə bir təşəbbüsün uğurla həyata keçirilməsi üçün aydın yol xəritəsinin hazırlanmasının və institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında Azərbaycan və Böyük Britaniya Kapital Bazarları üzrə Əməkdaşlıq Müzakirə Edilib — Fins.az — Fins.az