
Bakı Fond Birjası Azərbaycanda yeni CFA nizamnaməsi sahiblərinin təltifetmə tədbirinə ev sahibliyi edib
Fins.az - 7 iyul 2026-cı il tarixində Bakı Fond Birjası 2024 və 2025-ci illərdə nüfuzlu CFA Nizamnaməsi sahibi kvalifikasiyasını əldə etmiş Azərbaycandan olan 33 peşəkarın təltif olunduğu tədbirə ev sahibliyi edib.
Tədbirdə yeni CFA nizamnamə sahibləri, mövcud CFA icmasının üzvləri, həmçinin CFA Institute və CFA Society Istanbul təşkilatlarının nümayəndələri iştirak edərək peşəkar nailiyyətləri birlikdə qeyd edib, eyni zamanda maliyyə sektoru nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün geniş imkan əldə ediblər.
Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun açılış nitqi ilə başlayıb. Daha sonra CFA Institute-un Baş Məhsul Təbliğatçısı (Chief Product Advocate) Rob Langrick, CFA, CIPM, CFA Society Istanbul-un Vitse-Prezidenti Ece Mandaci Baysal, CFA, CFA Society Istanbul-un İcraçı Direktoru İlke Homriş, CFA, CFA Society Istanbul-un Prezidenti Mehmet Sinan Veziroglu və Azərbaycan Respublikası Mərkəzi Bankının İcraçı Direktoru Şahin Mahmudzadə iştirakçılar qarşısında çıxış ediblər.
Tədbir çərçivəsində son iki il ərzində beynəlxalq səviyyədə tanınan CFA Nizamnamə sahibi kvalifikasiyasını əldə etmiş mütəxəssislərə sertifikatlar təqdim olunub. Bu nailiyyət onların peşəkar fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, investisiya sahəsində etik prinsiplərə, yüksək təhsil standartlarına və peşəkar mükəmməlliyə sadiqliklərinin göstəricisidir.
Bakı Fond Birjasının ev sahibliyi etdiyi bu tədbir Birjanın Azərbaycanda kapital bazarlarının inkişafına dəstək göstərmək, peşəkar mükəmməlliyi təşviq etmək, sektor üzrə əməkdaşlığı gücləndirmək və beynəlxalq səviyyədə qəbul edilmiş peşəkar standartların tətbiqini təşviq etmək istiqamətində davamlı öhdəliyini bir daha nümayiş etdirir. İnvestisiya peşəkarlarını, bazar iştirakçılarını və aparıcı təşkilatların nümayəndələrini bir araya gətirən tədbir, eyni zamanda ölkənin maliyyə ictimaiyyəti üçün dialoq, bilik mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Bakı Fond Birjası insan kapitalının inkişafına töhfə verən, beynəlxalq əməkdaşlığı təşviq edən və Azərbaycanın investisiya icmasının qlobal qabaqcıl təcrübələrə uyğun şəkildə daha da güclənməsinə xidmət edən təşəbbüsləri dəstəkləməyə bundan sonra da davam edəcək.