Azərbaycanda ipoteka və korporativ istiqrazlar artıb

Azərbaycanda ipoteka və korporativ istiqrazlar artıb

BİRJA
334

2025-ci ildə Azərbaycanın borc bazarında ümumi həcm azalsa da, ipoteka və korporativ istiqrazlar artım göstərib. Dövlət istiqrazlarının azalmasına baxmayaraq, bazarda aktivlik və diversifikasiya güclənib.

Fins.az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın borc bazarında ümumi həcm azalma nümayiş etdirib. Belə ki, bazarın həcmi 2024-cü ildəki 13.50 milyard manatdan 10.94 milyard manata enib. Azalmanın əsas səbəbi dövlət istiqrazlarının 9.70 milyard manatdan 6.07 milyard manata düşməsi olub.

Buna baxmayaraq, bazar aktivliyində zəifləmə müşahidə olunmayıb. Əksinə, təkrar bazarda ticarət həcminin artması investor iştirakının gücləndiyini göstərir.

Digər seqmentlərdə isə artım qeydə alınıb. Belə ki, digər maliyyə mənbələri (DMM) istiqrazları 0.90 milyard manata, korporativ istiqrazlar isə 0.72 milyard manata yüksəlib.

Ən böyük artım ipoteka istiqrazlarında müşahidə olunub və bu göstərici 3.25 milyard manata çatıb. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 2.56 milyard manat idi.

2025-ci ildə DMM və korporativ emitentlər üzrə ümumilikdə 55 kütləvi istiqraz yerləşdirilməsi həyata keçirilib. Bu göstərici əvvəlki illə müqayisədə sabit qalaraq kapital bazarının davamlı inkişaf etdiyini göstərir.

Ümumilikdə, dövlət istiqrazlarının azalmasına baxmayaraq, korporativ, dövlət müəssisələri və ipoteka istiqrazlarında artım bazarda tədrici diversifikasiyanı və maliyyə alətlərinə çıxışın genişlənməsini əks etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ipoteka və korporativ istiqrazlar artıb — Fins.az — Fins.az