SWIFT rəsmisi ödəniş sistemlərində əsas problemləri açıqlayıb
İdeal müştəri təcrübəsi üçün transsərhəd ödənişlərin daxili ödənişlər kimi rəqəmsal kanallar vasitəsilə bank müştərilərinə 24/7 rejimində və anında (instant) əlçatan olması vacib hesab olunur.
Fins.az xəbər verir ki, bu barədə SWIFT-in MDB və Qafqaz üzrə ölkə meneceri İrina Lohrer Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir bank müştərilərinin tələbləri son illərdə əhəmiyyətli dərəcədə dəyişib və daha yüksək standartlar formalaşıb.
İ.Lohrer qeyd edib ki, hazırda müştərilər transsərhəd ödənişlərdə sadəlik, yəni əməliyyatın asan şəkildə başladılması, şəffaflıq, yəni xərclərin əvvəlcədən bilinə bilməsi və izlənilə bilən rəqəmsal təcrübə tələb edirlər.
SWIFT rəsmisi bildirib ki, qurum bu tələbləri ciddi şəkildə nəzərə alır və banklara müştəri məmnuniyyətinin artırılması istiqamətində dəstək göstərir.
O, “McKinsey” şirkətinin araşdırmasına istinad edərək ödəniş xidmətlərində mövcud məmnunluq göstəricilərinin hələ də tam qənaətbəxş olmadığını vurğulayıb.
Araşdırmaya əsasən, müştərilərin yalnız 50 faizi ödənişlərin başladılmasının sadəliyindən məmnundur. Rüsum və komissiyaların şəffaflığı üzrə bu göstərici təxminən 33 faiz təşkil edir. Ödənişlərin izlənilməsi xidmətindən isə hər 10 müştəridən yalnız 2-si razıdır.
İrina Lohrer qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün SWIFT transsərhəd ödəniş zəncirinin müxtəlif mərhələlərində banklara əlavə dəyər yaradan xidmətlər təqdim edir.
Onun sözlərinə görə, ödənişin başladılması mərhələsində “Swift reference data repository” xidməti vasitəsilə benefisiar hesab məlumatlarının avtomatik doldurulması təmin olunur.
Ödənişin yoxlanılması mərhələsində “Payment pre-validation” xidməti məlumatların düzgünlüyünü yoxlayaraq mümkün səhvləri aradan qaldırır və ödənişin ləğv olunması riskini minimuma endirir.
Ödənişin izlənilməsi mərhələsində isə “Swift GPI” xidməti əməliyyatların real vaxt rejimində izlənilməsinə imkan verir.
SWIFT rəsmisi əlavə edib ki, əvvəllər yalnız bankların daxili bölmələri üçün nəzərdə tutulan bu xidmətlər artıq birbaşa rəqəmsal bank kanallarına inteqrasiya olunur.
Onun fikrincə, yeni rəqəmsal interfeyslər müştərilərə bütün komissiya, rüsum və valyuta konvertasiyası xərclərini əvvəlcədən görmək, məlumatların dəqiq hazırlanması və mobil tətbiq üzərindən ödənişləri asanlıqla izləmək imkanı yaradır.
İ.Lohrer vurğulayıb ki, ideal müştəri təcrübəsi üçün transsərhəd ödənişlərin də daxili ödənişlər kimi 24/7 və anında əlçatan olması vacib şərtdir.