
"Qazprombank": Azərbaycan Dövlət Neft Fondu tərəfindən xarici valyutanın satış həcmi azalacaq
Agentliyin analitiklərinin qiymətləndirmələrinə görə, aprel ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən xarici valyutanın satış həcmi azalacaq, satışların pik səviyyəsi ($1,9 milyard) martda olub.
"Bundan başqa, dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş MDB ölkələrindən biridir. Aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri nəzərə alınmaqla qızıl-valyuta ehtiyatları təxminən $48 milyard (bizim qiymətləndirmələrimizə görə, 1,9 milyard ABŞ dollarının satışı nəzərə alınmaqla) təşkil edib və ÜDM-nin 100%-nə yaxındır (42 aylıq idxalı əhatə edir)", - deyə “Qazprombank” vurğulayır.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $2 milyard 771,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 78,6% - İF), mart ayında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF bildirib ki, bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.