"Open Finance" Azərbaycanda maliyyə sektorunun yeni inkişaf mərhələsi olacaq - AMB

"Open Finance" Azərbaycanda maliyyə sektorunun yeni inkişaf mərhələsi olacaq - AMB

BANK
347

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq ekosisteminin inkişafında yeni mərhələyə keçir. Qurum "Open Banking" layihəsini "Open Finance" (Açıq maliyyə) istiqamətində genişlədirməklə yanaşı, QR ödənişlərinin əhatə dairəsini artırmağı və ölkədə nağdsız ödəniş infrastrukturunu daha da inkişaf etdirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamenti direktorunun müavini Ramil Mahmudov məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bankın fintex sektorunun inkişafı istiqamətində həyata keçirdiyi ən mühüm layihələrdən biri açıq bankçılıq ekosisteminin formalaşdırılmasıdır.

R.Mahmudov bildirib ki, bu istiqamətdə strateji mərhələlərdən biri artıq tamamlanıb və hazırda layihənin "Open Finance" konsepsiyası üzrə genişləndirilməsi ilə bağlı işlərə başlanılıb:

"Ötən dövrdə Mərkəzi Bank ödəniş sistemləri infrastrukturunun modernləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Bu çərçivədə proqram-texniki infrastruktur təkmilləşdirilib, sistemlərin dayanıqlığı artırılıb və ötürmə qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb."

Departament direktorunun müavini vurğulayıb ki, əməliyyatların həcminin artması müsbət göstərici olsa da, ödəniş infrastrukturunun fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması baxımından Mərkəzi Bankın məsuliyyətini daha da artırır:

"Əsas vəzifə ödəniş xidmətləri istifadəçilərinin etimadını itirməməkdir. Ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra Azərbaycanda QR ödənişləri tətbiq olunmağa başlanıb. Hazırda ölkədə 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir. Bu isə bazarda fintex şirkətlərinin də fəal istifadə edə biləcəyi daha əlçatan ödəniş alətinin formalaşmasına şərait yaradır."

R.Mahmudov bildirib ki, QR ödənişlərinin tətbiqi sahibkarlara ödənişləri daha aşağı xərclə qəbul etmək imkanı verir, istifadəçilərə isə milli qanunvericiliyin tələblərinə və daxili bazarın ehtiyaclarına cavab verən müasir ödəniş aləti təqdim edir:

"QR ödənişləri bütün dünyada, o cümlədən bank kartlarından geniş istifadə olunan ölkələrdə sürətlə populyarlaşır. Maliyyə baxımından bu alətin maya dəyəri minimaldır."

R.Mahmudov bildirib ki, növbəti mərhələdə Azərbaycanda statik QR kodların tətbiqinə başlanılacaq:

"Əvvəlcə bazara dinamik QR kodları çıxardıq, növbəti mərhələ isə statik QR kodların tətbiqi olacaq. Bu, ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, demək olar ki, hər yerdə nağdsız ödənişlərin qəbuluna imkan verəcək. Statik QR kodların tətbiqi dövriyyədə olan nağd pula tələbatın azalmasına, eyni zamanda əhali arasında nağdsız hesablaşma mədəniyyətinin daha da inkişaf etməsinə töhfə verəcək."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Open Finance" Azərbaycanda maliyyə sektorunun yeni inkişaf mərhələsi olacaq - AMB — Fins.az — Fins.az