
Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaq
Milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaqdır.
"Fins.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.
Bildirilir ki,rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcək. Eyni zamanda, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcək.
Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaqdır. İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcək.