
Mobilbank və İnternet Bank bloklandıqda yenidən aktivləşdirmək mümkündür
Fins.az - Azərbaycan Beynəlxalq Bankının (ABB) Əlaqə və Məlumat Mərkəzi müştərilərə həftənin 7 günü, günün 24 saatı xidmət göstərir.
Bankın məlumatına görə, müştərilər 937 və (+994 12) 493 00 91 nömrələri, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə Məlumat Mərkəzinə müraciət edərək bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı banka gəlmədən əldə edə bilərlər.
Bildirilib ki, mobil operatorlardan və Bakıdan kənar şəhərlərin stasionar telefonlarından edilən zənglər ödənişlidir. Bakı şəhəri üzrə stasionar telefonlardan Məlumat Mərkəzinə edilən zənglər isə tam ödənişsizdir.
Məlumata əsasən, xidmət zamanı müştərilərin eyniləşdirilməsi məqsədilə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu, müştəri kodu (CİF) və məxfi söz barədə suallar verilir. Bu səbəbdən müştərilərə Məlumat Mərkəzi ilə əlaqə saxlayarkən şəxsiyyət vəsiqəsini, ABB-yə məxsus ödəniş kartını və ya hesab nömrəsi barədə məlumatları yanlarında saxlamaq tövsiyə olunur.
ABB bildirir ki, Məlumat Mərkəzi vasitəsilə balans və hesab qalığı, kart üzrə həyata keçirilən əməliyyatlar, o cümlədən bloklanmış məbləğ və keçməyən ödənişlər, kredit limitli kartlar üzrə əməliyyatlar, nağd kreditlər, nağd kredit hesabındakı vəsaitin ümumi borcdan silinməsi, uğursuz PİN cəhdlərinin sıfırlanması, kartın statusunun yoxlanılması, kartın bloklanması və yenidən aktivləşdirilməsi ilə bağlı xidmətlər göstərilir.
Bundan əlavə, ATM, Cash-In və Azericard terminallarından istifadə zamanı yaranan problemlərlə bağlı sorğular qəbul edilir, SMS xəbərdarlıq xidmətinin aktiv və ya deaktiv edilməsi, daşınmış nömrələrin tənzimlənməsi, 3D Secure xidmətinin aktivləşdirilməsi, aktiv nömrənin yoxlanılması və dəyişdirilməsi, Mobilbank və İnternet Bank proqramları bloklandıqda onların yenidən aktivləşdirilməsi, POS terminallar vasitəsilə aparılan bütün əməliyyatların yoxlanılması, eləcə də kart üzrə müvafiq limitlərin aktiv və ya deaktiv edilməsi xidmətləri təqdim olunur.