
Kredit və cərimələr “ASAN ödəniş” vasitəsilə nağdsız ödəniləcək
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri “ASAN ödəniş" sisteminə uğurla inteqrasiya olunub.
Bu barədə Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında bildirilib.
Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan bu yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.