Kredit və kart təklifləri necə hazırlanır? - Fərid Hüseynov
Müştəri məlumatlarının sorğulanması və istifadəsi ilə bağlı məsələ açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir və bu proses birbaşa rəqəmsallaşma ilə bağlıdır.
F.Hüseynov bildirib ki, kredit şərtləri, kart limitləri, kampaniyalar və mobil tətbiqdə göstərilən təkliflər müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. “Gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur”, – deyə o qeyd edib.
Bank rəhbəri əlavə edib ki, müştəri məlumatlarının böyük hissəsi vətəndaşlar tərəfindən könüllü şəkildə təqdim olunur. Hesab açılması, kart sifarişi, kredit müraciəti və mobil tətbiq qeydiyyatı zamanı şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumatlar qanunvericiliyə uyğun olaraq təqdim edilir.
Onun sözlərinə görə, bu məlumatlar “Fərdi məlumatlar haqqında” və “Banklar haqqında” qanunlar çərçivəsində toplanır və emal olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur.
F.Hüseynov vurğulayıb ki, müştərilər bank məhsullarından istifadə zamanı bu məlumatların emalına razılıq verirlər. O qeyd edib ki, bank müştərisi olmayan şəxslərin məlumatları sorğulanmır.
“İstənilən müştəri öz məlumatlarının sorğulanmasını dayandıra bilər, lakin bu halda bəzi xidmət və fərdiləşdirilmiş təkliflərdən istifadə imkanı məhdudlaşa bilər”, – deyə o əlavə edib.