Kart əməliyyatlarında nağdsız ödənişlərin payı 97%-ə yüksəlib - Vüsal Xəlilov

Kart əməliyyatlarında nağdsız ödənişlərin payı 97%-ə yüksəlib - Vüsal Xəlilov

BANK
260

Fins.az – Azərbaycanda rəqəmsal kanallar maliyyə sektorunda əsas xidmət platformasına çevrilib və vətəndaşlarla biznesin maliyyə davranışında ciddi dəyişiklik yaradıb.

Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son illərdə nağdsız ödənişlərin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Kart əməliyyatlarında nağdsız ödənişlərin payı 17,8%-dən 97%-ə yüksəlib. Eyni zamanda, ani ödənişlər sistemində əməliyyatların həcmi 2025-ci ilin əvvəlindəki 87 milyon manatdan 940 milyon manata çatıb.

V.Xəlilov qeyd edib ki, bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznes subyektlərinin maliyyə davranışının dəyişdiyini göstərir.

O bildirib ki, bank sektorunda rəqəmsallaşmanın ən mühüm nəticələrindən biri insan kapitalının inkişafıdır. Son araşdırmalara əsasən, sistem əhəmiyyətli banklarda əməkdaşların təxminən 30%-i proqramlaşdırma, süni intellekt, məhsul idarəçiliyi və DevOps kimi rəqəmsal istiqamətlərdə çalışır.

Mərkəzi Bank sədrinin müavini vurğulayıb ki, maliyyə sektorunda süni intellekt texnologiyalarından artıq kredit skorinqi, risklərin qiymətləndirilməsi və məhsulların fərdiləşdirilmiş şəkildə təklif olunması üçün geniş istifadə edilir. Hazırda isə böyük dil modellərinin (LLM) tətbiqi istiqamətində işlər davam etdirilir.

V.Xəlilov bildirib ki, Mərkəzi Bankın strategiyası vətəndaşlara birbaşa çoxsaylı xidmətlər göstərmək deyil, özəl sektorun innovativ maliyyə məhsulları yaratmasına şərait formalaşdırmaqdır. Bu məqsədlə açıq API yanaşmasının inkişaf etdirilməsi və bazar iştirakçıları üçün yeni imkanların yaradılması prioritet istiqamətlərdən biri hesab olunur.

Onun sözlərinə görə, Mərkəzi Bank nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində də işlərini davam etdirir. Bu çərçivədə süni intellekt əsaslı nəzarət alətləri, rəqəmsal hesabatlılıq və tam elektron müraciət sistemləri tətbiq edilir.

V.Xəlilov qeyd edib ki, maliyyə sektorunun gələcək inkişafı üçün risk əsaslı tənzimləmə, innovativ məhsulların sınaqdan keçirilməsinə imkan verən xüsusi hüquqi rejimlərin yaradılması, dövlət məlumat bazalarına çıxışın genişləndirilməsi və bulud (cloud) infrastrukturunun inkişafı mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, hazırda banklar dövlət məlumat bazalarından istifadə üçün əhəmiyyətli vəsait xərcləyirlər. Bu məlumatların daha əlçatan olması rəqəmsal transformasiyanın sürətlənməsinə ciddi töhfə verə bilər. Həmçinin idarə olunan bulud xidmətlərinin geniş tətbiqi təşkilatların infrastruktur xərclərini azaltmaqla rəqəmsal innovasiyaların inkişafını daha da sürətləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kart əməliyyatlarında nağdsız ödənişlərin payı 97%-ə yüksəlib - Vüsal Xəlilov — Fins.az — Fins.az