Kapital Bank: Gələcəyin ödənişləri arxa planda avtomatik icra olunacaq

Kapital Bank: Gələcəyin ödənişləri arxa planda avtomatik icra olunacaq

BANK
223

Yaxın beş il ərzində ödəniş vərdişlərində ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə "Kapital Bank"ın Ödəniş Sistemləri Ofisinin rəhbəri Zakir Xanməmmədov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Kapital Bank" süni intellekt texnologiyalarının tətbiqinə böyük investisiyalar yatırır və artıq bir sıra proseslər AI əsaslı həllər vasitəsilə idarə olunur.

Z.Xanməmmədov qeyd edib ki, müştərilərin ödəniş davranışlarında artıq dəyişikliklər müşahidə edilir və bu tendensiyanın yaxın illərdə daha da güclənəcəyi gözlənilir.

O bildirib ki, beş ildən sonra insanların kart nömrələrini və digər ödəniş rekvizitlərini əzbər bilməsinə ehtiyac qalmaya bilər.

Kapital Bank rəsmisinin sözlərinə görə, token və QR əsaslı ödənişlərin geniş yayılması fiziki kartlardan istifadəyə olan tələbatı əhəmiyyətli dərəcədə azaldıb.

Z.Xanməmmədov hesab edir ki, yaxın gələcəkdə ödəniş prosesi istifadəçi üçün görünməyən və avtomatik şəkildə həyata keçirilən mexanizmə çevriləcək.

Onun sözlərinə görə, istifadəçi yalnız alış-veriş prosesini həyata keçirəcək, ödəniş isə arxa planda süni intellekt və ya rəqəmsal agentlər vasitəsilə avtomatik tamamlanacaq.

O vurğulayıb ki, bu yanaşma ödəniş xidmətlərini daha intuitiv, sürətli və istifadəçi yönümlü edəcək.

Z.Xanməmmədov əlavə edib ki, gələcəyin ödəniş sistemi konkret bankdan və ya ödəniş alətindən asılı olmayan, maksimum rahatlıq təqdim edən model üzərində qurulacaq.

Onun fikrincə, yaxın illərdə müştərilərdən kart nömrəsi soruşulduqda onların əksəriyyəti bu məlumatı bilmədiklərini bildirəcəklər. Çünki ödəniş prosesləri tam şəkildə sistemlər tərəfindən idarə olunacaq.

Kapital Bank rəsmisi qeyd edib ki, gələcəyin maliyyə ekosistemi daha rahat, intuitiv və sərhədsiz ödəniş imkanları təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank: Gələcəyin ödənişləri arxa planda avtomatik icra olunacaq — Fins.az — Fins.az