
“İcraçı Kredit Agentliyi”-nin maliyyə hesabatı zərərə işarə edir
BOKT “İcraçı Kredit Agentliyi” MMC rəsmi qəzetlərdən birində 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını yarımçıq şəkildə dərc etdirib. BOKT mənfəət və zərər hesabatını gizlədib.
Fins.az hesabata istinadən xəbər verir ki, “İcraçı Kredit Agentliyi” ötən ili 44 min 368 manat xalis zərər ilə başa vura bilər. Çünki təşkilatın bölüşdürülməmiş mənfəəti 2 milyon 5 min 687 manatdan 1 milyon 961 min 319 manata geriləyib.
31 Dekabr 2019-cu il tarixində “İcraçı Kredit Agentliyi” 3 milyon 92 min manat cəmi aktivlərə malik olub. 2018-ci ilin sonu ilə müqayisədə cəmi aktivlər 472 min manat artıb. Artımın böyük hissəsi hökumət fondları ilə hesablaşmalar üzrədir.
Ötən il “İcraçı Kredit Agentliyi”nin kredit portfeli 68 min manat artaraq 31 Dekabr 2019-cu il tarixində 1 milyon 972 min manat təşkil edib.
