
"Fitch" Azərbaycanda büdcə və valyuta ehtiyatları üzrə artım gözləyir
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini (IDR) sabit proqnozla "BBB-" səviyyəsində təsdiqləyib.
Fins.az xəbər verir ki, agentliyin açıqlamasına əsasən, Azərbaycanın suveren valyuta aktivlərinin 2026-cı ildə 93 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu göstərici ölkənin həmin il üçün nəzərdə tutulan ümumi daxili məhsulunun (ÜDM) 117 faizinə bərabər olacaq.
Agentlik hesab edir ki, aktivlərin artımı əsasən Yaxın Şərqdəki gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsi nəticəsində ixrac gəlirlərinin artması ilə bağlı olacaq.
Məlumata görə, suveren valyuta aktivlərinin təxminən 84 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq valyuta ehtiyatlarında cəmləşəcək.
"Fitch Ratings" qeyd edir ki, Azərbaycanın xalis suveren xarici aktivləri ÜDM-in 73 faizinə çatacaq. Bu göstərici "BBB" reytinq kateqoriyasına daxil olan ölkələr arasında ən yüksək səviyyə hesab olunur.
Agentliyin rəyinə əsasən, Azərbaycanın kredit reytinqi güclü xarici mövqe, müqayisə olunan ölkələr arasında ən aşağı dövlət borcu göstəricilərindən biri və suveren fondun əhəmiyyətli həcmdə aktivləri ilə dəstəklənir. Bu amillər ölkənin maliyyə çevikliyini artıran əsas faktorlar kimi qiymətləndirilir.
"Fitch"in proqnozlarına görə, yüksək neft qiymətləri və idxalın məhdud artımı nəticəsində tədiyə balansının cari əməliyyatlar hesabı üzrə profisit 2026-cı ildə ÜDM-in 9 faizinə yüksələcək. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 4,6 faiz təşkil edib.
Agentlik hesab edir ki, 2027-ci ildə neft və qaz qiymətlərində azalma gözlənsə də, cari əməliyyatlar hesabının profisiti analoji reytinqə malik ölkələrin orta göstəricilərindən yüksək qalacaq və valyuta ehtiyatlarının artımına dəstək verəcək.
Hesabata əsasən, Azərbaycanın konsolidə edilmiş büdcə profisitinin 2026-cı ildə ÜDM-in 5,6 faizinə yüksələcəyi gözlənilir. Bununla yanaşı, karbohidrogen qiymətlərinin aşağı düşməsi, qeyri-neft gəlirlərinin mülayim artımı və dövlət xərclərinin sabit qalması səbəbindən 2027-ci ildə bu göstəricinin azalacağı proqnozlaşdırılır.
"Fitch Ratings" vurğulayır ki, Azərbaycan hökuməti müdafiə sahəsinə və işğaldan azad edilmiş ərazilərin bərpasına prioritet verməyə davam edəcək.
Agentlik büdcə siyasətində aparılan islahatları da müsbət qiymətləndirib. Belə ki, 2027–2030-cu illəri əhatə edən strategiya çərçivəsində ilkin qeyri-neft büdcə kəsirinin 2029-cu ilə qədər ÜDM-in 13 faizinə endirilməsi nəzərdə tutulur. Bu göstərici 2025-ci ildə 18,6 faiz, 2022-ci ildə isə 22,2 faiz olub.
"Fitch"in qiymətləndirməsinə görə, büdcə qaydalarında edilən dəyişikliklər və ARDNF-dən dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması planları fiskal siyasətin daha dayanıqlı və proqnozlaşdırılan olmasına şərait yaradacaq. Bu yanaşma həm də dövlətin xarici aktivlərinin artımını dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.