
Depozit seçərkən diqqət edilməli əsas məqamlar
Fins.az - PAŞA Bank ASC kart sahibləri üçün qısa və uzun müddətlərə vəsait yerləşdirməyə və hesablanmış faiz məbləğinin alınması sxemindən asılı olaraq daha çox faiz gəliri əldə etməyə imkan verən Müddətli Depozit məhsulunu təqdim edir.
Bankın məlumatına görə, müddətli depozit AZN, USD və EUR valyutalarında yerləşdirilə bilər. Depozitin minimal məbləği 20 000 AZN/USD/EUR, müddəti isə 1 aydan 36 aya qədər müəyyən edilib.
Bildirilib ki, faiz dərəcəsi depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq müştəri ilə fərdi razılaşma əsasında müəyyən edilir. Hesablanmış faiz məbləği müştərinin seçiminə uyğun olaraq aylıq, rüblük və ya depozit müddətinin sonunda cari hesaba köçürülür.
Məlumata əsasən, müştəri depozitin tam məbləğini və ya onun bir hissəsini vaxtından əvvəl geri götürdükdə müqaviləyə xitam verilir. Bu halda müştəriyə yalnız ilkin depozit məbləği geri qaytarılır, hesablanmış faizlər isə ödənilmir.
Bank qeyd edir ki, müştəri depozitin qaytarılması üçün banka müraciət etmədikdə, depozit bankın razılığı olduğu təqdirdə uzadılma tarixində qüvvədə olan faiz dərəcəsi ilə eyni müddətə yenidən yerləşdirilmiş hesab olunur. Bank müddətin uzadılmasına razılıq vermədiyi halda isə faiz hesablanmır və depozitin geri qaytarılması barədə müştəriyə bildiriş göndərilir.