
Cavid Mirzəyev: Kapital Bank güclü likvidlik buferinə malikdir
2025-ci ilin sonuna “Kapital Bank”ın likvidlik örtmə əmsalı (LCR) 137.9% təşkil edib.
Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın beynəlxalq reytinqlərini dəstəkləyən əsas amillərdən biri yüksək likvidlik səviyyəsidir.
“Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir”, – deyə o bildirib.
C.Mirzəyev qeyd edib ki, 2025-ci ilin sonuna likvidlik örtmə əmsalı milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil edib.
O əlavə edib ki, Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddin əhəmiyyətli dərəcədə üstələnməsi bankın istənilən bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu göstərir.